Pit Heqset: İranda 7 mindən çox hədəfi vurduq



ABŞ-ın müdafiə naziri Pit Heqset İrana qarşı hərbi əməliyyatların başlanmasından bu yana 7 mindən çox hədəfin vurulduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, Müdafiə naziri Heqset Baş Qərargah rəisi general Den Keyn ilə birlikdə ABŞ və İsrailin İrana hücumları ilə bağlı birgə mətbuat konfransı keçirib. Nazir çıxışında hədəflərinin dəyişmədiyini vurğulayaraq "Planımız İranın raket qurğularını və müdafiə sənayesi infrastrukturunu məhv edərək onların yenidən bərpasının qarşısını almaq, hərbi dəniz qüvvələrini sıradan çıxarmaq və İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir" deyib.

Heqset hücumların başladığı vaxtdan bəri 7 mindən çox hədəfin vurulduğunu qeyd edərək, bu günə qədərki ən böyük və genişmiqyaslı hücumun həyata keçiriləcəyini bəyan edib. O, İranın pilotsuz uçuş aparatı (PUA) proqramlarını dəstəkləyən zavodların və istehsal xətlərinin böyük ölçüdə dağıdıldığını, yüzlərlə müdafiə sənayesi obyektinin birbaşa hədəf alındığını bildirib.

Nazirin sözlərinə görə, İranın ballistik raket istehsal etmək qabiliyyətinə ağır zərbə vurulub, nəticədə ballistik raket hücumları 90 faiz azalıb, PUA-ların isə 90 faizi vurularaq salınıb. Həmçinin İrana məxsus 120-dən çox gəminin zədələndiyi və ya batırıldığı, 11 sualtı qayığın isə artıq mövcud olmadığı, hərbi limanların işləksiz hala gətirildiyi qeyd olunub.

Heqset keçmiş prezident Co Baydeni də tənqid edərək, onun dövründə sursat ehtiyatlarının ABŞ ordusu üçün deyil, Ukraynaya göndərilərək tükədildiyini, indi isə bu sursatların ABŞ-ın öz maraqları üçün istifadə edilməli olduğunu vurğulayıb. Baş Qərargah rəisi Den Keyn isə İranın yeraltı obyektlərinin xüsusi sığınaqdağıdan sursatlarla vurulduğunu, strateji anbarların məhv edildiyini bildirib. General Keyn indiyədək 120-dən çox gəmi və 44 mina gəmisinin sıradan çıxarıldığını, Xark adasındakı hərbi infrastruktura qarşı 90-dan çox dəqiq zərbə endirildiyini əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu