İsrail Tehranda nüvə və raket obyektlərini bombaladı

İsrail ordusu İranın paytaxtı Tehranın mərkəzinə genişmiqyaslı hava hücumları təşkil etdiyini və bu hücumlar zamanı onlarla hədəfin vurulduğunu irəli sürüb.
Ordunun yaydığı açıqlamaya görə, vurulan hədəflər arasında raket istehsalında istifadə olunan hərbi istehsal müəssisələri və İranın nüvə silahı proqramına aid tədqiqat və inkişaf mərkəzləri də olub.
Gecə saatlarında həyata keçirilən hücumlarda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60-dan çox döyüş təyyarəsi 120 müxtəlif növ sursatla İranda onlarla hərbi hədəfi vurub.
Bildirilir ki, hücumlar zamanı Tehran ərazisində yerləşən və İran Müdafiə Nazirliyinin nəzdində qurulduğu iddia edilən raket istehsalı mərkəzləri əsas hədəflərdən biri olub. Bu mərkəzlərdə raket mühərrikləri üçün xammal istehsal edildiyi də iddia olunur.
Bundan əlavə, bu hücumların İranın nüvə silahı proqramını hədəf alan əməliyyatların bir hissəsi olduğu qeyd edilir.
Bu çərçivədə 2011-ci ildə İranın nüvə silahı proqramının qurucularından biri olan Möhsin Fahrizadə tərəfindən təsis edilən və inkişaf etmiş hərbi texnologiyaların araşdırılıb inkişaf etdirildiyi SEPAND adlı komanda mərkəzinin də hədəfə alındığı iddia olunub.
İsrail ordusu eyni zamanda İranın nüvə silahı proqramı üçün vacib komponentlərdən birinin istehsal edildiyi bir obyektin də hava hücumları ilə məhv edildiyini bildirib.
İran rəsmiləri isə hələlik sözügedən hücumlarla bağlı rəsmi açıqlama verməyib.