Məşhur rejissorun Oskar mükafatı təyyarədə itib
Oskar mükafatlı rejissor Pavel Talankinin "Mr. Nobody Against Putin" sənədli filmi ilə qazandığı qızıl heykəlcik Nyu-Yorkdakı Con Kennedi adına Beynəlxalq Hava Limanında təhlükəsizlik maneəsinə rast gəldikdən sonra yoxa çıxıb.
AFN.az xəbər verir ki, çərşənbə günü Almaniyaya getmək üçün təyyarəyə minməyə hazırlaşan Talankin əl yükündəki Oskar heykəlciyinin silah kimi istifadə edilə biləcəyi bəhanəsi ilə salona qoyulmadığını bildirib.
Qeydiyyatdan keçmiş yükü olmayan rejissora kömək edən "Lufthansa" əməkdaşları mükafatı bir qutuya qablaşdıraraq kargo bölməsinə göndəriblər, lakin təyyarə Almaniyaya endikdə heykəlciyin itdiyi məlum olub. Hava yolu şirkəti hadisədən dərin təəssüf hissi keçirdiklərini və mükafatın tapılması üçün genişmiqyaslı daxili araşdırmalara başlanıldığını açıqlayıb.
Sənədli filmin icraçı prodüseri Robin Hessman rejissorun daha əvvəl həm Oskar, həm də BAFTA mükafatları ilə dəfələrlə səyahət etdiyini və heç bir problemlə qarşılaşmadığını vurğulayaraq baş verənlərə etirazını bildirib. Qeyd edək ki, Pavel Talankin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir rus məktəbində artan müharibə təbliğatından bəhs edən ekran əsəri ilə bu il "Ən yaxşı sənədli film" nominasiyasında Oskara layiq görülmüşdü.
Rejissor mükafatı Nyu-Yorkda universitet tələbələri ilə keçirilən nümayiş zamanı sərgiləmək məqsədilə özü ilə götürübmüş.




