MEDİA-nın təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib.
AFN.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritetlərindən biridir. Qeyd olunub ki, Forum media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və cəmiyyətin etibarlı informasiya ilə təminatına mühüm töhfə verir.
Çıxış zamanı Azərbaycanın qlobal tədbirlərin işıqlandırılması təcrübəsinə diqqət çəkilərək, WUF13 çərçivəsində media fəaliyyətinin yüksək səviyyədə olacağına əminlik ifadə edilib. Vurğulanıb ki, cari ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə ictimai məlumatlandırma prosesinin intensivləşdirilməsini zəruri edir.
Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunmasının vacibliyini qeyd edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılmasının müasir təhsil siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov isə bərpa layihələrinin geniş auditoriyaya çatdırılmasında medianın rolundan danışıb. O, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin bu mövzuda informasiya təminatının aktuallığını daha da artırdığını vurğulayıb.
Tədbirdə videoçarxlar nümayiş etdirilib və Forum işini “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyalarla davam etdirib.

