13 milyard dollarlıq Dünya Çempionatı: FIFA-nın 2026-cı il hesabatındakı rəqəmlər nə deyir?
FIFA Prezidenti Canni İnfantinonun bəşəriyyətin gördüyü ən böyük tədbir kimi xarakterizə etdiyi 2026-cı il Dünya Çempionatı idman tarixinin ən qazanclı təşkilatçılığı olmağa hazırlaşır.
AFN.az xəbər verir ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək turnirdən əldə olunacaq gəlirlərin 13 milyard dollara çatacağı gözlənilir.
FIFA son maliyyə hesabatında 2022-2026-cı illər dövrünü əhatə edən dörd illik dövr üçün gəlir proqnozunu 13 milyard dollara qaldırıb və bu məbləğin təxminən 9 milyard dollarının məhz bu il əldə edilməsi proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları təxminən 5,24 milyard dollar gəlir gətirmişdi. Beləliklə, FIFA-nın gəlirləri Rusiya-2018 və Qətər-2022 dövründəki 7,5 milyard dollarlıq səviyyədən 73 faiz artım nümayiş etdirib.
Turnirin maliyyə uğurundakı ən böyük pay komanda sayının 32-dən 48-ə çıxarılması qərarına məxsusdur. Oyun sayının 64-dən 104-ə yüksəlməsi yayımçılara satılacaq məzmunun həcmini artırıb.
FIFA-nın ən böyük gəlir bəndi olan yayım hüquqlarının satışı, matç sayının artması və vaxt zonalarının Şimali Amerika ilə Avropa bazarları üçün uyğunluğu sayəsində rekord səviyyəyə çatıb.
Qətərdə 950 milyon dollar olan oyun günü gəlirlərinin bu turnirdə 3 milyard dollara yüksələcəyi, "Adidas", "Aramco" və "Coca-Cola" kimi nəhəng markalarla edilən qlobal və regional sponsorluq müqavilələrindən isə 2,7 milyard dollar gəlir hədəfləndiyi bildirilir.
Şimali Amerika bazarındakı yüksək tələbat bilet qiymətlərinin tarixin ən yüksək səviyyəsinə qalxmasına səbəb olub. Nyu-Cersidəki final oyunu üçün bilet qiymətləri 4 min 185 dollardan başlayaraq 10 min 990 dollara qədər qalxır ki, bu da Qətər-2022 finalındakı ən ucuz biletin qiymətindən yeddi dəfə, Avro-2024 finalından isə təxminən 40 dəfə bahadır.
FIFA turnirin mükafat fondunu 50 faiz artıraraq 871 milyon dollara çatdırıb. Hər iştirakçı ölkə ən azı 12,5 milyon dollar, çempion isə 50 milyon dollar mükafat alacaq. Lakin bəzi federasiyalar ABŞ-dakı federal və ştat vergiləri səbəbindən turnirdən zərər etmək narahatlığı keçirir.
FIFA gəlir rekordları qırsa da, ev sahibi şəhərlərlə yaşanan maliyyə mübahisələri diqqət çəkir. Qurum yayım, sponsorluq və bilet gəlirlərinin hamısını özünə götürdüyü halda, təhlükəsizlik və nəqliyyat kimi xərcləri ev sahibi şəhərlərin üzərinə qoyur.
Bu vəziyyət nəqliyyat xərclərinin kəskin artmasına və Nyu-York kimi bəzi şəhərlərin “Azarkeş Festivalı” planlarını ləğv etməsinə yol açıb. Nyu-Cersi qubernatoru Mayki Şerrill FIFA-nın nəqliyyat xərclərinə töhfə verməməsini tənqid edərək, 48 milyon dollarlıq hesabın vergi ödəyicilərinin çiyinlərinə düşdüyünü vurğulayıb.

