Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurlu nəticələrlə yadda qalıb
Türkiyənin Elazığ şəhərində 28-29 apreldə keçirilən “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla yekunlaşıb. İki gün davam edən mötəbər beynəlxalq tədbir sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən dövlət qurumlarını, özəl sektor nümayəndələrini və beynəlxalq təşkilatları bir araya gətirərək mühüm dialoq platformasına çevrilib.
AFN.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Türkiyədən və müxtəlif xarici ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri, millət vəkilləri, səhiyyə və turizm sektorunun aparıcı nümayəndələri iştirak ediblər. Açılış nitqlərində Elazığın müasir tibbi infrastrukturu, zəngin termal resursları və strateji coğrafi mövqeyi xüsusi vurğulanıb.
Açılış mərasimində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi simvolik jest olub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev tərəfindən Elazığ valisi Numan Hatipoğlu və millət vəkili, professor doktor Erol Keleşə Elazığ Uluslararası Turizm ve Sağlık Turizmi Deneği (ELTURK) adından Azərbaycan-Türkiyə qardaşlığını simvolizə edən xarı bülbül motivli xüsusi hədiyyə təqdim olunub.
Zirvə çərçivəsində beynəlxalq qonaqlar Elazığın qabaqcıl səhiyyə müəssisələri, reabilitasiya və termal müalicə imkanları ilə yaxından tanış olublar. Çoxsaylı B2B görüşlər keçirilib, birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılaşmalar əldə edilib.
Azərbaycanı təmsil edən nümayəndə heyətində Azərbaycan Sahibkarlar Konfederasiyasının sədr müavini Vüqar Zeynalov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov, Skal International Bakı Turizm Peşəkarları Assosiasiyasının prezidenti Ceyhun Aşurov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev, həmçinin İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev yer alıblar.
Tədbirin ikinci günündə iştirakçılar Elazığ Şəhər Mərkəzi Xəstəxanasını və Harputun tarixi məkanlarını, o cümlədən Harput Basın Muzeyini ziyarət ediblər.
Qeyd edək ki, zirvə ELTURK-DER tərəfindən Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ticarət Nazirliyi və Elazığ Valiliyinin dəstəyi ilə təşkil olunub.
FƏXRİYYƏ



