Pentaqondan UFO və yadplanetlilər açıqlaması
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) öz hesabatında hökumətin naməlum anormal hadisələr (UAP) adlandırdığı naməlum uçan obyektlər (UFO) ilə bağlı 1945-ci ildən bəri əldə edilən məlumatları araşdırdığını, UFO və yadplanetlilərin mövcudluğunu göstərən heç bir dəlil olmadığını açıqlayıb.
Pentaqonun All-Domain Anomaliyaların Həlli Ofisi (AARO) 1945-ci ildən ABŞ-da aparılan UAP araşdırmalarını toplayan hesabat dərc edib.
"Bütün məxfilik səviyyələrində aparılan araşdırmalar göstərdi ki, UFO hesabatları daha çox adi obyektlərin və təbii hadisələrin yanlış qavranılması nəticəsində hazırlanır", - hesabatda deyilir.
Hesabatda tarixi qeydlərdə yadplanetlilərin varlığına dair dəlillərin olmadığı, həmçinin ABŞ hökuməti və özəl şirkətlərin yadplanetlilərə aid olduğu iddia edilən texnologiyanı tərs mühəndislik üsulu ilə inkişaf etdirdiyi iddiaları da rədd edilib.
Mövzu ilə bağlı çoxlu kitab, film, internet və sosial media məzmununun olmasının ictimai rəyə təsir etdiyi və bəzi seqmentlərdə UAP-ın varlığına inamı artırdığı ifadə edilib.
Pentaqon Konqres tərəfindən tələb olunan və hazırkı UAP bildirişlərini qiymətləndirən hesabatın ikinci cildinin də hazırlıq mərhələsində olduğunu bildirib.