Pentaqon İranla müharibə və digər xərclər üçün 80 milyard dollar əlavə büdcə tələb etdi
ABŞ Müdafiə Nazirliyinin İranla müharibə və digər xərclərə görə Konqresdən 80 milyard dollar əlavə büdcə tələb etdiyi iddia edilib.
AFN.az xəbər verir ki, "Wall Street Journal" (WSJ) qəzetinin məsələdən agah olan mənbələrə istinadən yaydığı məlumata görə, Müdafiə nazirinin müavini Stiven Faynberq bu həftə keçirdiyi görüşlərdə əlavə büdcə tələbini Konqres üzvlərinə çatdırıb.
Mənbələr Konqresin yeni büdcə qanunu qəbul etməyəcəyi təqdirdə, silahlı qüvvələrin bu yay əməliyyatları maliyyələşdirmək üçün vəsait tapmaqda çətinlik çəkə biləcəyinə işarə ediblər.
Pentaqonun İranla müharibə ilə yanaşı, digər xərcləri də qarşılamaq məqsədilə 80 milyard dollar əlavə büdcəyə ehtiyacı olduğunu irəli sürən mənbələr Konqresdən tələb olunan vəsaitin bir hissəsinin gəmi əməliyyatları, şəxsi heyətin maaşları və sursat kimi bəndlərə ayrılacağını bildiriblər.
Mənbələr həmçinin yaxın günlərdə Konqresə həm Pentaqon, həm də kənd təsərrüfatı və fəlakətlərdən zərərçəkənlərə yardım kimi müdafiə sahəsindən kənar istiqamətlər üçün genişhəcmli əlavə büdcə tələbinin təqdim ediləcəyinin gözlənildiyini ötürüblər.
Pentaqonun mümkün əlavə büdcə tələbi Konqresə təqdim olunmazdan əvvəl Ağ Evin İdarəetmə və Büdcə Ofisinin təsdiqindən keçməlidir.
Digər tərəfdən, Pentaqonun 2026-cı maliyyə ili üçün büdcəsi təxminən 1 trilyon dollar olaraq müəyyən edilmişdi. Nazirliyin bu il İran müharibəsi də daxil olmaqla, müxtəlif əməliyyatlardan qaynaqlanan xərclərlə mübarizə apardığı qeyd olunur.
Bundan əlavə, Pentaqon may ayının ortalarında İran müharibəsinin xərcini 29 milyard dollar olaraq təxmin etmişdi, lakin hazırda bu rəqəmin daha yüksək olduğu qiymətləndirilir.

