Skott Bessent: İrana hücumlar üçün maliyyə resursumuz var



ABŞ-ın maliyyə naziri Skott Bessent ölkəsinin İrana qarşı hərbi əməliyyatları maliyyələşdirmək üçün kifayət qədər vəsaitə sahib olduğunu, lakin ordunun gələcəkdə də güclü şəkildə dəstəklənməsi üçün Konqresdən əlavə büdcə tələb etdiklərini bildirib.

AFN.az xəbər verir ki, "NBC News" kanalının "Meet the Press" proqramında çıxış edən Bessent əlavə büdcənin mövcud xərcləri qarşılamaqdan ziyadə perspektivdə hərbi potensialın gücləndirilməsi məqsədi daşıdığını qeyd edib.

Nazir İranın infrastrukturuna yönəlmiş hücumlarla bağlı gərginliyi azaltmaq üçün bəzən onu artırmağın lazım olduğunu vurğulayıb. ABŞ Prezidenti Donald Trampın İrana qarşı ritorikasının "iranlıların başa düşdüyü tək dil" olduğunu müdafiə edən Bessent həmçinin Basra körfəzindəki Xark adası ilə bağlı buranın ABŞ-ın mülkiyyətinə çevrilməsi də daxil olmaqla bütün variantların masa üzərində olduğunu deyib.

O, İran və Rusiya neftinə tətbiq edilən sanksiyaların yumşaldılması sayəsində Çinlə yanaşı Yaponiya və Cənubi Koreya kimi ölkələrin də neft ala biləcəyini, bunun neftin barel qiymətinin 150 dollara qalxmasının qarşısını alacağını və hər iki ölkənin ümumi gəlirlərini məhdudlaşdıracağını ifadə edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranla davam edən müharibə üçün 200 milyard dollar əlavə büdcə tələb etdiyi bildirilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu