Kuba prezidenti ABŞ-ın təhdidlərinə baxmayaraq istefa verməyəcəyini bəyan edib
Kuba prezidenti Migel Diaz Kanel ABŞ-ın təhdidlərinə rəğmən prezidentlik vəzifəsindən kənarlaşmayacağını bildirərək, ölkəsinin azad və suveren bir dövlət olduğunu vurğulayıb.
AFN.az xəbər verir ki, Amerikanın "NBC News" telekanalının "Meet the Press" proqramına qatılan Kanel aparıcının "Kubanı xilas etmək mənasına gələrsə, istefa verməyə hazırsınızmı?" sualına sərt reaksiya verib.
O, bu sualın aparıcının şəxsi fikri, yoxsa ABŞ Dövlət Departamentinin sifarişi olub-olmadığını soruşaraq, Kubada rəhbər şəxslərin ABŞ hökuməti tərəfindən seçilmədiyini diqqətə çatdırıb. İstifa etmək niyyətində olmadığını qeyd edən prezident bu vəzifəni şəxsi ambisiyaları üçün deyil, xalqın verdiyi səlahiyyətlə icra etdiyini bildirib.
Kanel əlavə edib ki, əgər Kuba xalqı onun bu vəzifəyə uyğun olmadığını və prezidentliyi davam etdirməməli olduğunu düşünsə, yalnız o zaman xalqın qərarına cavab verər. Vaşinqton administrasiyasının Havana rəhbərliyinə qarşı düşmənçilik siyasəti yürütdüyünü deyən dövlət başçısı ABŞ hökumətinin Kubadan hər hansı bir tələb irəli sürməyə haqqı olmadığını vurğulayıb.
Qeyd edək ki, müsahibənin tam variantının həftəsonu yayımlanması planlaşdırılır. Bundan əvvəl "Newsweek" jurnalına danışan Kanel ABŞ-ın ölkəsinə hücum etməsi üçün heç bir bəhanəsinin olmadığını və Kubanın Vaşinqton üçün heç bir təhdid yaratmadığını bildirmişdi.

