Şimali Koreya Yaponiya-ABŞ birgə hərbi təlimini müharibə məşqi adlandırıb
Şimali Koreya Yaponiya və ABŞ tərəfindən keçirilən birgə hərbi təlimi müharibə məşqi kimi qiymətləndirərək pisləyib.
AFN.az xəbər verir ki, "Yonhap" agentliyinin Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən yaydığı məlumata görə, Pxenyan rəhbərliyi Yaponiya Quru Özünümüdafiə Qüvvələri ilə ABŞ Dəniz Piyadaları tərəfindən təşkil edilən birgə hərbi təlimlə bağlı bəyanat yayıb.
Bəyanatda Şimali Koreyanın müharibə məşqi adlandırdığı bu birgə təlimi kəskin şəkildə pislədiyi vurğulanıb.
Yaponiyanın təlimdə iştirakının ölkənin işğalçılıq qabiliyyətini artırmağa yönəldiyi qeyd edilən açıqlamada Tokionun Vaşinqton ilə hərbi əməkdaşlığı dərinləşdirməklə bölgədəki təhlükəsizlik mühitini pisləşdirdiyi irəli sürülüb.
Bəyanatda həmçinin Yaponiyanın mövcud qlobal vəziyyətdən müharibə ölkəsinə çevrilməsini qanuniləşdirmək məqsədilə istifadə etdiyi müdafiə olunub və Tokionun bu cür ehtiyatsız hərbi fəaliyyətlərini davam etdirəcəyi təqdirdə faciəvi bir sonla qarşılaşacağı barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, ABŞ və Yaponiyanın iyunun 20-də başlatdığı birgə hərbi təlimin sabah başa çatması planlaşdırılır.




