Rutte: Vahid Avropa ordusunun yaradılmasına ehtiyac yoxdur
NATO-nun baş katibi Mark Rutte vahid Avropa ordusu ideyasının həyata keçirilməsi üçün ölkələrin milli ordularından imtina etməli olacağını bildirib.
AFN.az xəbər verir ki, o, suverenlik səbəbindən bunun reallaşmayacağını düşündüyünü və NATO-dakı komanda-idarəetmə strukturu nəzərə alındıqda belə bir orduya ehtiyac olmadığını deyib.
Rutte Estoniyanın Tallin Texnologiya Universitetində tələbələr qarşısında çıxışı zamanı Avropa İttifaqı (Aİ) daxilində NATO-dan ayrı, eyni funksiyaları təkrarlayan strukturlar yaradılmasının qərarların qəbulunu çətinləşdirəcəyini bildirib. Onun sözlərinə görə, belə bir vəziyyətdə kimin nə edəcəyini müəyyənləşdirmək həftələrlə vaxt aparar, qərar qəbul edilənədək isə vəziyyət mürəkkəbləşərdi və heç kim bunu istəməzdi.
Vahid Avropa ordusunun yaradılması üçün ölkələrin milli ordularından imtina etməli olacağını qeyd edən Rutte bunun suverenlik səbəbindən baş verməyəcəyini düşündüyünü vurğulayıb. O, NATO-nun komanda-idarəetmə strukturu nəzərə alındıqda ayrıca Avropa ordusuna ehtiyac olmadığını bildirib.
Rutte NATO-nun 32 ayrı milli ordunun birgə fəaliyyət göstərməsini təmin edə bilən komanda-idarəetmə sisteminə malik olduğunu qeyd edib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təklif etdiyi Avropa Təhlükəsizlik Şurasının yaradılacağı təqdirdə NATO ilə birgə fəaliyyət göstərə biləcəyini deyən Rutte Aİ-nin dayanıqlılıq və hibrid təhdidlərlə bağlı məsələlərdə də öz məsuliyyətlərinin olduğunu vurğulayıb.
Rutte dron texnologiyasının daim dəyişdiyini bildirərək pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə texnologiyalarının sürətlə daha da inkişaf etdirilməli olduğunu deyib.
O, həmçinin Polşada NATO-nun Rusiya-Ukrayna müharibəsindən əldə etdiyi dərslərin təhlil olunduğu mərkəzin fəaliyyət göstərdiyini xatırladıb.
Hava hücumundan müdafiədə çoxqatlı sistemlərə ehtiyac olduğunu bildirən Rutte hər bir müdafiə qatında münasib xərclərlə təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə şəhərlərin və kritik infrastrukturun qorunması təmin edilməlidir.
Hibrid hücumların hansı hallarda NATO müqaviləsinin 4-cü və ya 5-ci maddəsi çərçivəsində silahlı hücum hesab oluna biləcəyi ilə bağlı suala cavab verən Rutte bu məsələdə qəsdən qeyri-müəyyən mövqe tutduqlarını bildirib. O, Rusiyanın və ya NATO-ya düşmən münasibət bəsləyən başqa ölkələrin daha çox məlumat əldə etməsini istəmədiklərini qeyd edib.
