Qlobal neft təklifi sentyabrda gündəlik 2,5 milyon barel artıb
Beynəlxalq Enerji Agentliyi (IEA) Körfəz ölkələrində istehsal və ixracın artması nəticəsində qlobal neft təklifinin sentyabrda əvvəlki ayla müqayisədə gündəlik 2 milyon 500 min barel artaraq 102 milyon 320 min barelə yüksəldiyini bildirib.
AFN.az xəbər verir ki, agentliyin sentyabr ayına dair Neft Bazarı Hesabatında qlobal neft təklifi və tələbindəki dəyişikliklər əksini tapıb.
IEA-nın hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun hasilatı sentyabrın 11-də Şərq-Qərb neft boru kəmərinə edilən hücuma baxmayaraq, aylıq müqayisədə gündəlik 2 milyon 60 min barel artaraq 40 milyon 620 min barelə çatıb.
Bu artıma ən böyük töhfəni Səudiyyə Ərəbistanı verib. Ölkənin hasilatı 2 milyon 330 min barel artaraq 8 milyon 300 min barelə yüksəlib.
OPEC+ qrupuna daxil olmayan ölkələrin neft təklifi isə Birləşmiş Ərəb Əmirliklərində hasilatın artması və Britaniyanın dənizdəki yataqlarında mövsümi texniki xidmət işlərindən sonra istehsalın bərpa olunması nəticəsində gündəlik 480 min barel artaraq 77 milyon 90 min barel təşkil edib.
Nəticədə qlobal neft təklifi sentyabrda əvvəlki ayla müqayisədə gündəlik 2 milyon 500 min barel artaraq 102 milyon 320 min barelə çatıb.
IEA bu il qlobal neft təklifinin əvvəlki illə müqayisədə gündəlik 5 milyon 800 min barel azalaraq təxminən 100 milyon 700 min barel olacağını gözləyir. Gələn il isə göstəricinin istiqamətini dəyişərək bu illə müqayisədə gündəlik təxminən 7 milyon 700 min barel artacağı və 108 milyon 300 min barelə yüksələcəyi proqnozlaşdırılır.
Hesabata əsasən, Körfəz ölkələrində neft təklifi sentyabrda əvvəlki ayla müqayisədə gündəlik 2 milyon 600 min barel artaraq 24 milyon 300 min barelə çatıb.
Oman istisna olmaqla, region ölkələrinin neft ixracı da həmin dövrdə gündəlik 4 milyon 700 min barel artaraq 16 milyon 500 min barelə yüksəlib. Buna baxmayaraq, ixrac müharibədən əvvəlki səviyyədən 33 faiz aşağı qalıb.
Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft daşımaları gündəlik 3 milyon 700 min barel artaraq 10 milyon 900 min barelə çatıb. Alternativ marşrutlarla həyata keçirilən ixrac isə Şərq-Qərb neft boru kəmərində axınların bərpası nəticəsində gündəlik 970 min barel artıb.
Regiondan xam neft ixracı gündəlik 4 milyon 400 min barel artaraq 13 milyon 900 min barelə yüksəlib.
Digər tərəfdən, Körfəz regionunda neft infrastrukturu və tankerlərə qarşı hücumların davam etməsi istehsal və ixracın bərpasının davamlılığı ilə bağlı riskləri artırır.
IEA qlobal neft tələbinin 2026-cı ilin dördüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 2 milyon 500 min barel, il ərzində isə orta hesabla 2 milyon 600 min barel azalacağını proqnozlaşdırır.
Beləliklə, bu il qlobal neft tələbinin gündəlik orta hesabla 102 milyon 377 min barelə enəcəyi gözlənilir.
İran müharibəsinin neft məhsullarına çıxışı məhdudlaşdırması, yanacaq qiymətlərinin sürətlə yüksəlməsi və iqtisadi perspektivlərin pisləşməsi qlobal neft tələbindəki azalmanın əsas səbəbləri kimi göstərilir.
Hesabatda tələbin azalmasının təxminən 25 faizinin dizel yanacağının istehlakındakı geriləmə ilə bağlı olacağı ehtimal edilir.
2027-ci ildə qlobal neft tələbinin gündəlik 2 milyon barellik qismən bərpa nəticəsində 104 milyon 377 min barelə yüksələcəyi gözlənilir.
Buna baxmayaraq, gələn il qlobal neft istehlakının 2025-ci ilin səviyyəsindən gündəlik 620 min barel aşağı olacağı proqnozlaşdırılır. Beləliklə, gələn il qlobal neft tələbinin təxminən gündəlik 104 milyon 400 min barelə çatacağı ehtimal edilir.



