ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazına nəzarət etdiyi və yaxınlaşan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmilərini batıracağı barədə bəyanatlarını təkzib edib.
AFN.az xəbər verir ki, CENTCOM İranın dəniz qüvvələrinin imkanları ilə bağlı iddialara da münasibət bildirib.
CENTCOM-un ABŞ-da yerləşən X sosial şəbəkəsindəki hesabından yayılan açıqlamada İran İslam İnqilabı Keşikçiləri Korpusunun donanmasının olmadığı iddia edilib.
Açıqlamada ABŞ qüvvələrinin və regiondakı tərəfdaşlarının Hörmüz boğazına açıq şəkildə nəzarət etdiyi bildirilib.
Həmçinin qeyd olunub ki, ABŞ qüvvələri Körfəzdəki tərəfdaşlarına bazar ertəsi günü boğaz vasitəsilə 19 milyon bareldən çox xam neftin daşınmasında kömək edib.
Dəniz təhlükəsizliyi və qlobal neft daşımaları baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarətlə bağlı Vaşinqtonla Tehran arasında gərginlik son günlər artıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi dünən ABŞ döyüş gəmilərini Hörmüz boğazına yaxınlaşacaqları təqdirdə batırmaqla hədələyib. O, İran qüvvələrinin mümkün qarşıdurmaya hazırlaşmaq üçün geri sayım apardığını bildirib.
