ABŞ ilə İran arasında qadağan olunmuş zona gərginliyi
İran ilə ABŞ arasındakı gərginlik Hörmüz boğazında elan edilən qadağan olunmuş zona qərarı ilə yenidən artıb.
AFN.az xəbər verir ki, altı aydır davam edən qarşıdurmaların ardından Tehran rəhbərliyi Fars körfəzindən Hörmüz boğazına qədər uzanan yeni məhdudlaşdırılmış dəniz sahəsi yaradacağını açıqlayıb.
İran Milli Ali Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi dövlət televiziyasında verdiyi açıqlamada ABŞ-ın təxribat, təhdid və hücumlarını dayandırmaması halında Hörmüz boğazının tam olaraq gəmiçilik üçün açılmayacağını bildirib.
Rzayi müəyyən edilmiş məhdudlaşdırılmış əraziyə daxil olan gəmilərin sanksiya siyahısına salınacağını qeyd edib.
Qeyd edək ki, keçən həftəsonu iki ölkə arasında qarşılıqlı raket və hava hücumları həyata keçirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın hərbi gəmilərinə ballistik raketlər atmasından sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) biri Xark adası yaxınlığında olmaqla, İrana məxsus üç neft tankerini vurduğunu açıqlayıb.
ABŞ tərəfi raketlərin gəmilərə dəymədiyini və qarşısının alındığını bildirərkən, yaşanan qarşıdurmaların ardından neftin bir barelinin qiyməti 93 dollara qədər yüksəlib.
Hörmüz boğazında gəmi hərəkəti isə may ayından bu yana ən aşağı səviyyəyə düşüb.
Tehran rəhbərliyi Hörmüz boğazında ABŞ-a məxsus pilotsuz hərbi dəniz vasitəsini uğurla vurduğunu iddia edib.
Vaşinqton rəhbərliyi isə sözügedən iddiaları qəti şəkildə rədd edərək xəbərləri tamamilə yalan adlandırıb.
Rzayi sosial media hesabında etdiyi paylaşımda ABŞ-a qarşı həm hərbi, həm də iqtisadi müharibə aparacaqlarını bildirərək, “İqtisadi müharibəyə Fars körfəzi boyunca dəniz məhdudlaşdırma sahəsi yaradılaraq cavab veriləcək. ABŞ-ın hərbi gəmilərinə və bazalarına qarşı əməliyyat mövqeyimiz köklü şəkildə dəyişib”, - deyə qeyd edib.
