ABŞ və İran hücumlardan sonra gərginliyi azaltmaq barədə razılığa gəlib
Amerika Birləşmiş Ştatları (ABŞ) və İranın son bir neçə gündür qarşılıqlı təşkil edilən hücumlardan sonra hərbi aktivliyi dayandırmaq barədə razılıq əldə etdiyi bildirilir.
AFN.az xəbər verir ki, bu qərar Hörmüz boğazı və ətrafında baş verən bir sıra hücumlardan sonra hər iki ölkənin bir-birini atəşkəsi pozmaqda ittiham etməsindən dərhal sonra qəbul olunub.
ABŞ rəsmisi dəniz yolundakı gəmilərin yenidən sərbəst hərəkət edə biləcəyini təsdiqləyib və müharibəyə son qoymağı hədəfləyən danışıqların davam edəcəyini qeyd edib.
İran tərəfindən isə hücumların dayandırılacağına dair hələlik rəsmi bir açıqlama verilməyib.
İki ölkə arasında iyunun 17-də imzalanan 14 bəndlik anlaşma memorandumu bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırılmasını nəzərdə tuturdu.
İran bu çərçivədə kommersiya gəmilərinin təhlükəsiz keçidi üçün 60 gün ərzində səy göstərməyi qəbul etmişdi, lakin Hörmüz boğazında bir yük gəmisinə təşkil edilən hücum və ardınca həftəsonu ABŞ-ın həyata keçirdiyi cavab hava zərbələri atəşkəsi təhlükəyə salıb.
İran da bu hücumlara Küveyt və Bəhreyndəki ABŞ bazalarını hədəf almaqla cavab verib.
Qeyd edək ki, Hörmüz boğazı qlobal neft və qaz daşımaları üçün kritik əhəmiyyətə malikdir.
Bölgədə sülh axtarışları davam edərkən, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında imzalanan çərçivə sazişi isə Hizbullahın etirazına səbəb olub.
Hizbullah rəhbərliyi razılaşmanı rədd edərək Beyrut rəhbərliyini Livanın suverenliyinə zərər vurmaqda günahlandırıb.
İsrail ordusu isə razılaşmadan iki gün sonra, bazar günü Livanın cənubunda Hizbullaha məxsus bir tuneli vurduğunu bəyan edib.
Tehran rəhbərliyi daha genişmiqyaslı sülh sazişinin qalıcı ola bilməsi üçün Livandakı qarşıdurmaların tamamilə dayanmalı olduğunu vurğulayır.
