Luvr muzeyi bağlamaq məcburiyyətində qala bilər



Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyinin direktoru Kristof Leribo muzey təmir olunaraq yenidən qurulmasa, qapılarını ictimaiyyətin üzünə bağlamaq məcburiyyətində qalacağını bildirib. 

AFN.az xəbər verir ki, Leribo “Le Figaro” qəzetinə verdiyi müsahibədə Parisin məşhur mədəniyyət ocağının hazırkı vəziyyəti barədə məlumat verib.

Fevralın 25-də muzeyin rəhbərliyinə gətirilən Leribo binanın təhlükəsizliyini təmin etmək üçün təcili tikinti işlərinin davam etdiyini, yeni təhlükəsizlik kameralarının quraşdırıldığını və əlavə mühafizə tədbirlərinin görüldüyünü bildirib. O, muzeyin ətrafındakı hasarlarda da yenilənmə işlərinin aparıldığını qeyd edib.

Leribonun sözlərinə görə, ötən il muzeydə qarət hadisəsinin baş verdiyi qalereyada yerləşən digər zinət əşyaları onları nümayiş etdirmək üçün yeni vitrinlər müəyyənləşdirilənədək oradan çıxarılıb. Avropa muzeylərində qarət hadisələrinin artmasına qarşı tədbir məqsədilə Luvrda nümayiş etdirilən bəzi digər qiymətli əşyalar da təhlükəsiz yerə köçürülüb.

İqlim dəyişiklikləri və kibertəhlükəsizlik sahəsində artan risklərə diqqət çəkən Leribo yay aylarında həddindən artıq isti hava səbəbindən ziyarətçilərin sayının 8 faiz azaldığını bildirib.

Leribo muzeyin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayaraq avadanlıqların, infrastrukturun və binanın özünün köhnəldiyini qeyd edib.

Muzeydə eskalatorların, işıqlandırma sisteminin, tavanın və kondisionerlərin təmiri işlərinə başlanıldığını bildirən Leribo giriş haqlarının məqbul səviyyədə artırılması ehtimalını da nəzərdən keçirdiklərini deyib.

Muzeyin həm çox pis vəziyyətdə olduğunu, həm də həddindən artıq sıxlıq yaşandığını bildirən direktor artıq 9 milyon ziyarətçini muzeyin əsas girişi olan şüşə piramidadan keçirməyin mümkün olmadığını vurğulayıb.

Leribo Luvrda “Yeni İntibah” adı altında genişmiqyaslı yenilənmə planının zəruri olduğunu müdafiə edib. Onun sözlərinə görə, bu proses 15 ilədək davam edə bilər.

Fransada 2027-ci il prezident seçkilərindən sonra vəzifəyə gələcək hökumətin muzeydə yenilənmə işlərinin başlanmasına icazə verməli olduğunu bildirən Leribo qeyd edib ki, Luvr təmir olunmasa, müasir tələblərə uyğunlaşdırılmasa və yenidən qurulmasa, qısa müddətdə nüfuzunu itirəcək və sonda qapılarını ictimaiyyətin üzünə bağlamaq məcburiyyətində qalacaq. O, bunun fəlakət olacağını vurğulayıb.

Təxminən 35 min eksponatın nümayiş etdirildiyi dünyaca məşhur Luvr muzeyi 2025-ci il oktyabrın 19-da qarət olunub. Dörd nəfərin iştirak etdiyi və dünya gündəminə düşən hadisə cəmi 7 dəqiqə davam edib. Qarət zamanı tarixi dəyərə malik 8 zinət əşyası oğurlanıb.

Luvr muzeyindən zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər hadisədən təxminən iki həftə sonra bir-bir saxlanılıblar. Lakin oğurlanmış tarixi əşyaları tapmaq mümkün olmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu