"Mona Liza" xüsusi sahəyə daşınır
Fransanın paytaxtı Parisdə dünyaca məşhur Luvr muzeyi üçün aparılan təmir tədbirləri çərçivəsində mədəniyyət ocağında yeni girişin tikiləcəyi bildirilib.
Fransa Prezidenti Emmanuel Makron italyan rəssam Leonardo da Vinçinin Luvr muzeyində sərgilənən əsəri "Mona Liza" qarşısında etdiyi çıxışında “Luvrun yeni intibahı" adılı muzeydə aparılacaq hərtərəfli təmir planının təfərrüatlarını açıqlayıb.
Luvrun Fransa tarixində mühüm yeri olduğunu bildirən Makron, muzeyin şərq tərəfində yeni girişin tikiləcəyini qeyd edib.
Makron bu giriş üçün beynəlxalq memarlıq müsabiqəsi keçiriləcəyini, layihənin muzeyin vəsaiti hesabına maliyyələşdiriləcəyini və ən geci 2031-ci ilə qədər tamamlanacağını bildirib.
"Mona Liza" tablosunun muzeyin digər hissələrindən asılı olmayaraq xüsusi sahəyə daşınacağını bildirən Makron ora girmək üçün başqa bilet tələb olunacağını da qeyd edib.
Fransanın mədəniyyət naziri Raçida Datidən muzeyə Avropa Birliyi xaricindən gələn ziyarətçilər üçün daha yüksək giriş haqqı tətbiq etməyi xahiş edən Makron, yeni bilet qiymətlərinin 2026-cı il yanvarın 1-dən qüvvədə olacağını bildirib.
Luvr Muzeyinin direktoru Laurens des Cars yanvarın 13-də Datiyə göndərdiyi məktubda muzeyin müxtəlif sahələrində ziyanın artdığını və texniki avadanlıqların istismar müddətini başa vurduğunu bildirib.
Qeyd edək ki, Luvr Muzeyi 2024-cü ildə 8,7 milyon ziyarətçi qəbul edib.