Heqset: ABŞ-a avtonom müharibə komandanlığı lazımdır



ABŞ-ın müdafiə naziri Pit Heqset avtonom müharibənin gələcəyinə həsr olunmuş paneldə bu texnologiyaya ehtiyac duyduqlarını vurğulayıb.

AFN.az xəbər verir ki, Heqset Vaşinqtonda ABŞ Ordusu Assosiasiyasının (AUSA) illik toplantısı çərçivəsində keçirilən paneldə avtonom müharibə komandanlığının yaradılmasının zəruri olduğunu bildirib və bu texnologiya ilə bağlı planlardan danışıb.

Avtonom müharibə və pilotsuz uçuş aparatları (PUA) texnologiyalarına yönəlmiş yeni alt birləşmiş komandanlığın yaradıldığını rəsmən açıqlayan Heqset robototexnika imkanlarını, süni intellekti və milyonlarla PUA-nı ABŞ Silahlı Qüvvələrinə inteqrasiya etməyi planlaşdırdıqlarını deyib.

Prezident Donald Tramp administrasiyasının təklif etdiyi 1,5 trilyon dollarlıq hərbi büdcəni təqdim edən Heqset bunun 54-74 milyard dollarının xüsusi olaraq PUA üstünlüyünün təmin edilməsinə və PUA-lara qarşı texnologiyalara ayrıldığını bildirib.

Çinin adını çəkmədən bu ölkənin ordusunun avtonom texnologiyalara yatırımlarına diqqət çəkən Heqset qarşılarında dünya tarixində bəlkə də ən böyük hərbi qüvvə toplama prosesini həyata keçirən, onlara bərabər sayıla biləcək rəqibin olduğunu deyib. O, bunun şişirtmə deyil, obyektiv reallıq olduğunu vurğulayıb.

ABŞ müdafiə naziri orduda avtonom texnologiyaların inkişaf etdirilməsi zamanı Rusiya-Ukrayna müharibəsində PUA-lar əsasında aparılan döyüşlərdən və “Epik Qəzəb Əməliyyatı”ndan əldə olunan təcrübədən istifadə edildiyini bildirib.

Heqset Ukraynadan çox şey öyrəndiklərini, lakin orada istifadə edilən çoxsaylı komponentlərin Çin mənşəli olması səbəbindən həmin təcrübənin bütün elementlərini olduğu kimi tətbiq etməyin mümkün olmadığını deyib. O, PUA-lar üzərində üstünlüyün təmin edilməsi istiqamətindəki işlər üçün 1 milyard dollar vəsait ayrıldığını qeyd edib.

Heqset vəzifəyə başladıqları zaman Müdafiə Nazirliyində birtərəfli hücum, yəni kamikadze sistemləri ilə bağlı heç bir proqramın olmadığını bildirib. Onun sözlərinə görə, Avtonom Müharibə Komandanlığının yaradılması kosmosdan sualtı fəaliyyətlərə və avtonom sistemlərə qədər bütün elementlərin mürəkkəb və rəqabətli şəraitdə uzlaşaraq fəaliyyət göstərməsinə imkan verəcək.

Müdafiə naziri Heqsetin çıxışı müharibə əleyhinə şüarlar səsləndirən və Qəzzadakı humanitar böhrana diqqət çəkən etirazçılar tərəfindən dəfələrlə kəsilib.

Müharibə əleyhinə mülki fəallardan ibarət qrup Heqseti müharibə cinayətkarı adlandırıb. Etirazçılar Qəzzada uşaqların aclıqdan öldüyünü bildirən və nazirə qarşı sərt ifadələr səsləndirən şüarlar səsləndiriblər.

Qrup, həmçinin İrana qarşı müharibənin dayandırılmasına çağırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu