NATO gəmilərinə xidmət göstərən şirkətlə bağlı 3 ölkədə əməliyyat keçirilib



Avropa İttifaqının (Aİ) Cinayət Ədliyyəsi Sahəsində Əməkdaşlıq Agentliyinin (Eurojust) koordinasiyası ilə NATO-ya məxsus hərbi gəmilərə xidmət göstərən şirkətlə bağlı dələduzluq və rüşvət iddiaları üzrə Norveç, Almaniya və Rumıniyada əməliyyat keçirilib. 

AFN.az xəbər verir ki, Eurojust əməliyyatla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada şirkətin və ona bağlı subpodratçıların Şimal-Qərbi Avropadakı limanlara səfərləri zamanı NATO-nun hərbi gəmilərinə və onların heyətlərinə quruda göstərilən dəstək xidmətləri üçün saxta hesab-fakturalar tərtib etməkdə ittiham olunduğu bildirilib.

Bu xidmətlərin gəmilərin və heyət üzvlərinin limanlara səfərləri zamanı əsas ehtiyaclarını qarşılamağa yönəldiyi qeyd edilib. NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) aşkar etdiyi şübhəli hesab-fakturalarla bağlı sərhədlərarası istintaqa Eurojust 2025-ci ilin aprelində hüquqi dəstək göstərməyə başlayıb.

Eurojust-ın koordinasiyası ilə keçirilən əməliyyatlar çərçivəsində Norveçdə 5 nəfər saxlanılıb. Əməliyyatların NATO-ya məxsus hərbi gəmilərə xidmət göstərən şirkətlə bağlı dələduzluq və rüşvət iddiaları üzrə istintaq çərçivəsində aparıldığı bildirilib.

İstintaq çərçivəsində NATO üzvü olan ölkələrin ümumi zərərinin 1 milyon avronu keçdiyi ehtimal edilir. Bununla belə, açıqlamada dələduzluğun dəqiq məbləğinin hələ müəyyənləşdirilmədiyi vurğulanıb.

Şirkətə qarşı ittihamların saxta hesab-fakturaların tərtib edilməsi ilə məhdudlaşmadığı da bildirilib. Şirkət NSPA ilə müqavilə proseslərində özünə güzəştli münasibət göstərilməsinə nail olmaq üçün vasitəçi üzərindən xarici dövlət rəsmilərinə rüşvət verməkdə də ittiham olunur.

Açıqlamada şirkətin adı açıqlanmayıb. İstintaq davam etdiyindən Eurojust-ın məsələ ilə bağlı əlavə məlumat paylaşa bilməyəcəyi qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu