ABŞ-da hakim Trampın qolf meydançasında ağac kəsilməsini dayandırıb



ABŞ-da hakim Donald Tramp administrasiyasının paytaxt Vaşinqtonda yerləşən qolf meydançasında ağacların kəsilməsi işlərinin dayandırılması barədə qərar verib və tarixi ərazi ilə bağlı gələcək planların vaxtında ona bildirilməsini tələb edib. 

AFN.az xəbər verir ki, ABŞ-ın dairə hakimi Ana C. Reyes paytaxtdakı qolf meydançasında ağacların kəsilməsini oktyabrın 26-dək dayandırıb.

Reyes daha əvvəl müvəqqəti qadağa qoyduğu “East Potomac Golf Links” qolf meydançasında ağacların bu qədər sürətlə kəsilməsinin Tramp administrasiyasının məsələni oldu-bitdiyə gətirmək istəyindən qaynaqlandığını bildirib.

Hakim məsələ ilə bağlı 21 səhifəlik hesabat hazırlayıb və çərşənbə axşamı verdiyi müvəqqəti qadağa qərarını rəsmiləşdirib. Qərara əsasən, ərazidə marşrutu daimi şəkildə dəyişdirəcək hər hansı işə başlanmazdan ən azı 72 saat əvvəl bildiriş verilməlidir.

Reyes tarixi qolf meydançasında işlərin aparılmaması ilə bağlı dəfələrlə edilən müraciətləri nəzərə almadığına görə Tramp administrasiyasını sərt tənqid edib və bunun üçün heç bir bəhanənin olmadığını deyib.

Hakim hökumətin vəkillərinə bu məsələdə məlumatsızlığın bəhanə kimi qəbul edilə bilməyəcəyini bildirib.

Hakim əvvəlki məhkəmə iclasında həmin meydançada əvvəlcədən xəbərdarlıq edilmədən 10 ağacın belə kəsilə bilməyəcəyinə dair etdiyi xəbərdarlığı da xatırladıb.

Administrasiyanın vəkilləri isə məhkəmə iclasında həftəsonu təxminən 430 ağacın kəsildiyini, daha 299 ağacın kəsilməsinin planlaşdırıldığını bildiriblər.

Məhkəmə iclası ictimaiyyət üçün açıq olan qolf meydançasında yeni ağacların kəsilməsini istəməyən qeyri-hökumət təşkilatlarının bazar günü gec saatlarda təcili müraciət etməsindən sonra keçirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu