ABŞ məhkəməsindən Kennedi Mərkəzi ilə bağlı qadağa


ABŞ-da məhkəmə administrasiyaya Kennedi Mərkəzinin genişmiqyaslı yenidən qurulması və ya sökülməsi ilə bağlı planlar barədə ən azı 30 gün əvvəl yazılı məlumat verməyi tapşırıb.

AFN.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, qərarı Vaşinqtondakı məhkəmənin hakimi Kristofer Kuper qəbul edib.

Məhkəmə həmçinin administrasiyadan sentyabrın 23-dək Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin hazırkı vəziyyəti barədə hesabat hazırlamağı tələb edib.

Hakim ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından demokrat Coys Bettinin müraciətini rədd edib. Betti məhkəmədən prezident Donald Tramp administrasiyasının mərkəzin gələcəyi ilə bağlı birtərəfli qərar qəbul etmək səlahiyyətinin olmadığını təsdiqləməsini istəyib.

Konqresmen öz müraciətinə Trampın Kennedi Mərkəzinin mümkün sökülməsi layihəsini nəzərdən keçirdiyini göstərən fotoşəkil də əlavə edib.

Kuper eyni zamanda mərkəzdə təxirəsalınmaz şəkildə aparılması zəruri olan təmir işlərinə icazə verib. Bununla belə, hər hansı genişmiqyaslı yenidənqurma və ya söküntü işlərinə başlanmazdan ən azı 30 gün əvvəl administrasiya öz planlarını yazılı şəkildə təqdim etməlidir.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da jurnalistlərlə söhbətində administrasiyasının Kennedi Mərkəzini təmir etməyə hazır olmasına görə ictimaiyyətin minnətdar olmalı olduğunu deyib. Onun sözlərinə görə, təmir aparılmasa, mərkəz bağlanacaq və nəticədə söküləcək.

Bundan əvvəl isə Tramp mərkəzin idarə heyətinin binanın qəzalı vəziyyətə yaxın olması səbəbindən təhlükəsizlik məqsədilə onun fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlamışdı. O, bunun yenidənqurma prosesinə başlamaq üçün edildiyini bildirmişdi.

Tramp həmçinin təmir işlərinin Vaşinqton dairə məhkəməsinin mərkəzin adı ilə bağlı qərarı çıxarılana qədər başlaya bilməyəcəyini deyib və məsələnin sonda ABŞ Ali Məhkəməsinə qədər gedib çıxa biləcəyini istisna etməyib.

Vaşinqtondakı məhkəmə isə Kennedi Mərkəzinin fasadında Trampın adının yerləşdirilməsini yenidən qadağan edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu