KİV: Kennedi-Tramp Mərkəzinin yenidən qurulması ən azı 300 milyon dollara başa gələcək
Vaşinqtonun əsas teatr və konsert kompleksi olan Con Kennedi və Donald Tramp adına İfaçılıq Sənəti Mərkəzinin bu ilin iyul ayına planlaşdırılan yenidənqurma işləri ən azı 300 milyon dollara başa gələcək.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, bu rəqəm ilkin olaraq elan edilən 200 milyon dollarlıq büdcəni xeyli üstələyir və bura VIP otaqların yenilənməsi kimi əlavə xərclər daxil deyil.
Layihənin həyata keçirilməsi həm də kütləvi ixtisarlarla müşayiət olunacaq. Mənbələr bildirir ki, mərkəzin 2 min nəfərlik işçi heyətinin bir hissəsi işini itirməli olacaq. Nəşr bu genişmiqyaslı təmiri ABŞ Prezidenti Donald Trampın "ideofiksi" kimi xarakterizə edir. Belə ki, prezident binanın texniki xidmət qrupunun rəhbərinə mütəmadi olaraq zəng edərək təmirin gedişatı, dəyişdiriləcək üzlük plitələri və hətta binadan keçən boruların vəziyyəti ilə şəxsən maraqlanır.
Yenidənqurma xəbərləri mərkəzin fəaliyyətinə mənfi təsir göstərib. Son bir həftə ərzində bilet satışları 2023-2025-ci illərin eyni dövrü ilə müqayisədə 70%-dən çox azalıb. Hətta bu həftə keçirilməsi planlaşdırılan çıxışlardan biri üçün biletlərin cəmi 20%-i satılıb. Donald Tramp daha əvvəl bəyan etmişdi ki, mərkəz iyul ayından etibarən iki il müddətinə bağlanacaq və bu müddətdən sonra kompleks dünyanın ən yaxşı incəsənət mərkəzinə çevriləcək.
Xatırladaq ki, 2025-ci ilin dekabrından mərkəz rəsmən Con Kennedi və Donald Trampın adını daşıyır.
