Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası üzrə məhkəmə prosesi davam edəcək



ABŞ-da federal hakim Prezident Donald Trampın 2021-ci il Konqres binasına hücumla bağlı çıxışının kontekstindən çıxarılaraq sənədli filmdə istifadə edildiyi və ştat qanunlarının pozulduğu iddiası ilə BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq təzminat iddiası üzrə məhkəmə prosesinin davam etməsinə qərar verib. 

AFN.az xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, Florida dairə hakimi Ceffri Kuntz BBC-nin iddianın rədd edilməsi ilə bağlı müraciətini təmin etməyib.

Kuntz Trampın ştatın Haqsız Ticarət Təcrübələri haqqında Qanununun pozulduğu iddiasına əsaslanan ikinci ittihamını isə qəbul etməyib.

Bununla belə, hakim Trampın böhtan iddialarının məhkəmə prosesinin davam etdirilməsi üçün kifayət qədər hüquqi əsasa malik olduğunu bildirib. Kuntz Trampın iddialarını sübut edib-edə bilməyəcəyinin məhkəmə araşdırmasının sonrakı mərhələlərində qiymətləndiriləcəyini qeyd edib.

Tramp sosial media hesabında paylaşım edərək qərarı böyük qələbə kimi qiymətləndirib.

Prezident Trampın dekabrın 11-dək and altında ifadə verməsi gözlənilir. Tramp daha əvvəl planlaşdırılan ifadə tarixini milli əhəmiyyət daşıyan məsələləri əsas gətirərək ləğv etmişdi.

BBC News-un yayımladığı Panorama proqramında 28 oktyabr 2024-cü ildə nümayiş etdirilən Tramp: İkinci şans? adlı sənədli filmdə onun 2021-ci ildə Konqres binasına hücumdan əvvəl etdiyi iki fərqli çıxışa yer verilmişdi.

ABŞ-da prezident seçkilərinə bir həftə qalmış yayımlanan sənədli filmdə BBC-nin bu iki ayrı çıxışı birləşdirərək vahid çıxış kimi təqdim etdiyi üzə çıxmışdı. Montaj nəticəsində Trampın tərəfdarlarına Konqresə doğru yürümək və mübarizə aparmaq çağırışı etdiyi təəssüratı yaranmışdı.

Orijinal çıxışda dinc şəkildə etiraz etmək barədə səsləndirilən ifadələr isə BBC-nin sənədli filmində birləşdirilmiş çıxışdan çıxarılmışdı.

Hadisə BBC İdarə Heyətinə təqdim olunan 19 səhifəlik hesabatla üzə çıxmışdı. Montajın aşkar edilməsindən sonra BBC-nin baş direktoru Tim Deyvi və Xəbərlər Departamentinin rəhbəri Debora Törness istefa vermişdilər.

BBC Trampın çıxışında montaj aparıldığına görə üzr istəsə də, onun təzminat tələbini qəbul etməyəcəyini açıqlamışdı.

ABŞ prezidentinin vəkilləri Florida Cənub Dairəsi üzrə Federal Məhkəməyə təqdim etdikləri iddia ərizəsində Trampın BBC-dən böhtana görə 5 milyard dollar, Florida ştatının ticarət təcrübələri haqqında qanununun pozulmasına görə isə əlavə 5 milyard dollar olmaqla, ümumilikdə 10 milyard dollar təzminat tələb etdiyini bildirmişdilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu