Britaniya 1000 gün ərzində mümkün müharibəyə hazır olmalıdır – HESABAT
Böyük Britaniya Lordlar Palatasının Sənaye və Tənzimləyicilər Komitəsinin dərc etdiyi hesabatda hökumətin ölkəni 1000 gün ərzində mümkün müharibəyə hazırlamaq üçün müdafiə təchizatı proseslərini sürətləndirməli və özəl sektorla münasibətlərini yenidən qurmalı olduğu bildirilib.
AFN.az xəbər verir ki, hesabatda Müdafiə Nazirliyinin (MoD) şirkətlərlə mövcud sərt, xərclərə yönəlmiş və həddindən artıq qaydalara əsaslanan alıcı-satıcı modelindən imtina edərək daha çevik tərəfdaşlıq sisteminə keçməsinin vacibliyi vurğulanıb.
Bürokratik sistemin dövlət vəsaitlərinin israfının qarşısını almaq məqsədilə qurulduğu, lakin praktikada israfı azaltmadan təchizat proseslərini ciddi şəkildə ləngitdiyi qeyd edilib.
Həmçinin investorlara müqavilələrin qrafiki və məzmunu ilə bağlı daha çox təminat verilməsinin zəruri olduğu bildirilib.
Hesabatda Müdafiə Nazirliyinin prosedurlara əməl etməyi əsas məqsədə çevirməkdən imtina edərək imkanların sürətlə inkişaf etdirilməsinə diqqət yetirməsi tələb olunub. Hökumətin yeni texnologiyaların satın alınmasında riskə getməyə hazır olması, hazırlanmış məhsulun ilkin plandan fərqlənə biləcəyini qəbul etməsi və sürətin xərclərə nəzarətdən üstün tutulması zəruri sayılıb.
Hesabatda müdafiə naziri Ues Stritinqin Rusiyadan qaynaqlanan hibrid təhdidlərə diqqət çəkərək Britaniyanın 2030-cu ilədək mümkün hücuma hazır olmalı olduğu barədə xəbərdarlıqlarına istinad edilib.
Maliyyə naziri Con Hili tərəfindən müdafiə xərclərinin 2030-cu ilədək ümumi daxili məhsulun 3 faizinə çatdırılması ilə bağlı verilən öhdəliyə diqqət çəkilən hesabatda dekabrda keçiriləcək Müdafiə İnvestisiyaları Sammitinin biznes dairələrinə lazımi təminatları verməli olduğu bildirilib.
Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü isə iddialara cavab olaraq Soyuq müharibədən bəri müdafiə xərclərində ən böyük artımın həyata keçirildiyini bildirib. O, silahlı qüvvələrin müharibəyə hazırlıq səviyyəsini artırmaq üçün təxminən 300 milyard funt sterlinq investisiya yatırıldığını, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) ayrılan büdcənin isə 2,5 milyard funt sterlinq artırıldığını qeyd edib.
