Britaniya Aİ ilə münasibətlərin yenidən qurulmasını istəyir - media
Britaniya Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulması və ölkə şirkətlərinin Aİ-nin müdafiə, rəqəmsal və sənaye sahələrində dövlət müqavilələrinə çıxışının genişləndirilməsi üçün təşəbbüs irəli sürəcək.
AFN.az "Financial Times"a istinadən xəbər verir ki, Britaniyanın maliyyə naziri Con Hili Avropa İttifaqının “Avropada istehsal et” proqramına Böyük Britaniyanın da daxil edilməsinə çağırış edəcək.
Sözügedən proqram dövlət müqavilələrinin bölüşdürülməsi zamanı Aİ üzvü ölkələrdə istehsal olunan məhsullara üstünlük verilməsini nəzərdə tutur.
Hili bu məsələni sentyabrın 18-də Dublində başlayacaq Aİ İqtisadi və Maliyyə Məsələləri Şurasının qeyri-rəsmi iclasında gündəmə gətirəcək. Britaniya hökumətindəki mənbələr bildiriblər ki, London Aİ ilə münasibətlərin yenidən qurulması istiqamətində danışıqlara hazırdır və bunun ölkəyə iqtisadi fayda verməsini istəyir.
Hili hesab edir ki, Aİ ilə daha sıx əlaqələr Britaniya şirkətlərinə ölkənin istənilən yerində fəaliyyət göstərmələrindən asılı olmayaraq, həm zəruri təchizat zəncirlərinə, həm də müştərilərə daha geniş çıxış imkanı verə bilər.
Britaniyalı nazir Dublindəki görüşdə “Avropanın birliyinin gücləndirilməsinə” çağırış edəcək və 2025-ci ildə Londonun Aİ-nin müdafiə fondu olan "Security Action for Europe" (SAFE) proqramına çıxış əldə etməsi ilə bağlı danışıqların uğursuzluğunun təkrarlanmamasını istəyəcək.
Həmin danışıqlarda Britaniya ilə Aİ Londonun fonda ödəyəcəyi məbləğlə bağlı razılığa gələ bilməmişdi. Britaniya mediasının məlumatına görə, Aİ əvvəlcə 6,7 milyard avro tələb edib, daha sonra məbləği 2 milyard avroya endirib. Lakin bu rəqəm də Londonun ödəməyə hazır olduğu məbləğdən dəfələrlə çox olub.
Müşahidəçilərə görə, Britaniyanın “Avropada istehsal et” proqramına qoşulması ilə bağlı danışıqlar asan olmayacaq. Aİ üzvlərinin əksəriyyəti Britaniyanın tələblərini anlayışla qarşılaya bilər, lakin Fransa və Avropa Parlamenti əsas maneələr olaraq qalır.

