KİV: Tramp vağzal və hava limanının onun şərəfinə adlandırılmasını istəyir


ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı "Penn-steyşn" (Penn Station) vağzalı və Vaşinqton yaxınlığındakı Dalles Beynəlxalq Hava Limanının onun şərəfinə adlandırılacağı təqdirdə, Hudzon çayı altında yeni tunelin tikintisi üçün dondurulmuş vəsaitləri ayıracağına söz verib.

AFN.az xəbər verir ki, bu barədə CNN telelekanalı məlumat yayıb.

Bildirilir ki, ötən ay Tramp bu təklifi Senatdakı demokratların lideri Çak Şumerlə müzakirə edib. Prezident adların dəyişdirilməsi müqabilində Nyu-York və Nyu-Cersi ştatlarını birləşdirəcək "Gateway" adlı irimiqyaslı infrastruktur layihəsi üçün nəzərdə tutulan 16 milyard dolları "blokdan çıxaracağını" vəd edib. Şumer isə cavabında belə bir qərar vermək səlahiyyətində olmadığını bildirib.

"The Wall Street Journal" yazır ki, "Gateway" layihəsi üzrə işlər maliyyə çatışmazlığı səbəbindən yanvar ayında dayandırılıb. Tramp administrasiyası 2025-ci ilin oktyabrında bu layihənin "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) prinsiplərini ehtiva etdiyini əsas gətirərək vəsaitləri dondurub və yoxlamalara başlayıb. Fevral ayında isə Nyu-York və Nyu-Cersi hakimiyyəti federal vəsaitlərin qanunsuz tutulması iddiası ilə ABŞ administrasiyasına qarşı məhkəmə davası açıb.

Qeyd edək ki, bu, ABŞ-da mühüm obyektlərin adının dəyişdirilməsi ilə bağlı ilk hal deyil. 18 dekabr 2025-ci il tarixindən etibarən Vaşinqtonun əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzi artıq rəsmən Con Kennedi və Donald Tramp adına İfaçılıq Sənəti Mərkəzi adlanır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu