Pişiklərin insanlara miyoldamasının səbəbi elmi araşdırmada üzə çıxıb
Braziliyanın San-Paulu Universitetinin alimləri ev pişiklərinin insanlarla ünsiyyət qurma üsullarına dair diqqətçəkən araşdırma aparıblar.
AFN.az xəbər verir ki, tədqiqatın nəticələri pişiklərin miyoldamaqla yaşadıqları problemlərin insanlar tərəfindən həll edilməsinə nail olmağa çalışdıqlarını göstərib.
Heyvan davranışları üzrə mütəxəssislər qida istədikdə tez-tez miyoldadığı məlum olan 38 ev pişiyi üzərində təcrübə aparıblar. Pişiklərə içərisindəki yeməyi götürə bilməyəcəkləri dəlikli plastik qutu verilib.
Pişiklərin bu vəziyyətə reaksiyası otaqda insanın olduğu və olmadığı iki fərqli şəraitdə müşahidə edilib.
Otaqda insan olduqda pişiklərin ümumilikdə 86 dəfə miyoldadığı, tək qaldıqları zaman isə bu sayın 20 olduğu qeydə alınıb. Aparılan təhlillər otaqda insan olduğu halda pişiklərin miyoldama ehtimalının 16 dəfədən çox artdığını göstərib.
Tədqiqatçılar pişiklərin miyoldayarkən baxışlarını birbaşa insana yönəltdiklərini, daha sonra isə nəzərlərini yemək qutusu ilə insan arasında dəyişdiklərini müəyyən ediblər.
Otaqda insan olmadıqda isə pişiklərin əsasən hərəkətsiz dayanaraq qapıya baxdıqları müşahidə olunub.
Animal Behaviour jurnalında dərc olunan araşdırmanı aparan Nailə Fukimoto və komandası əldə edilən nəticələrin miyoldamanın sadəcə təsadüfi reaksiya olmadığını, müəyyən hədəf auditoriyasına yönəlmiş ünsiyyət vasitəsi kimi istifadə edildiyini göstərdiyini bildiriblər.
