Pişiklərin əhilləşməsi düşündüyümüzdən daha gec olub
Yeni elmi tapıntılar pişiklərin insanlarla yaxın münasibət qurmasının düşünüləndən çox daha gec baş verdiyini ortaya çıxarıb. Araşdırmaya görə, pişiklər yırtıcı vəhşi heyvanlardan evcil yoldaşlara yalnız 3500–4000 il əvvəl keçməyə başlayıblar.
Oksford Universitetindən prof. Qreqer Larson deyib ki, pişiklər hazırda həyatımızın hər yerindədirlər, televiziya proqramlarında, internetdə hökmranlıq edirlər. Larson qeyd edib ki, bu gün bildiyimiz insan–pişik münasibəti 10000 il əvvəl deyil, cəmi 3.5–4 min il əvvəl başlayıb.
Bütün evcil pişiklər Afrika yabanı pişiyi (Felis catus) növündən gəlir. Onların nə zaman, harada və necə əhilləşməsi uzun müddətdir müzakirə olunurdu.
Misir mədəniyyətinin pişiklərə duyduğu hörmət sənət əsərlərində və mumiyalarda qorunub saxlanılıb.
Pişiklər daha sonra gəmilərdə siçanlarla mübarizə üçün istifadə edilib və dünyaya yayılıb. Araşdırmaya görə, pişiklər Avropaya cəmi 2000 il əvvəl, Roma dövründə çatıb, ardından İpək Yolu vasitəsilə Çinə aparılıb.
Bu gün pişiklər Antarktidadan başqa dünyanın hər yerində mövcuddur.
Tədqiqatçılar həmçinin Çində evcil pişiklərdən çox daha əvvəl insanların yanında yaşamış başqa bir növün izlərinə rast gəliblər.
Leopard pişiyi kimi tanınan və ləkəli görünüşə malik kiçik bir yabanı pişiyin təxminən 3500 il boyunca insan məskənlərində yaşadığı müəyyən edilib.
Pekin Universitetindən prof. Şu-Cin Luo bildirib ki, bu münasibət qarşılıqlı zərər vermədən bir arada yaşamağı ifadə edən “kommensal” bir münasibət olub: “Leopard pişikləri insanlar üçün təbii şəkildə zərərverici nəzarəti təmin edirdi, insanlar isə buna etiraz etmirdi”.



