Araşdırma: Pişiklər sahiblərinin qoxusunu yad insanlardan ayıra bilir

Yaponiyada aparılan yeni bir araşdırma ev pişiklərinin sahiblərinin qoxusunu yad insanların qoxusundan seçə bildiyini ortaya qoyub. Tokyo Kənd Təsərrüfatı Universitetindən alimlərin apardığı araşdırmaya görə, pişiklər tanımadıqları insanlara məxsus qoxulara, sahiblərinin qoxusuna nisbətən daha uzun müddət maraq göstərir.
Pişiklərin güclü iybilmə qabiliyyətlərindən digər pişikləri tanımaq və ünsiyyət qurmaq üçün istifadə etdikləri uzun zamandır bilinir. Lakin bu hissin insanları tanımaq üçün istifadə olunub-olunmadığı bu günə qədər araşdırılmamışdı.
Tədqiqat çərçivəsində 30 pişiyə üç fərqli plastik boru təqdim edilib: biri sahibinin qoltuqaltı, qulaq arxası və ayaq barmaqları arasından alınmış qoxu nümunəsi, digəri eyni cinsdə olan yad bir şəxsin qoxusu, üçüncüsü isə tamamilə qoxusuz təmiz nümunə olub.
Nəticədə pişiklər yad şəxsin qoxusunun olduğu borunu daha uzun müddət iyləyiblər. Alimlər bu davranışı pişiklərin tanış və yad insanları iybilmə vasitəsilə ayırd edə bildiyinə işarə kimi dəyərləndirir.
Pişik sahibini tanıyır, yoxsa sadəcə yad qoxunu fərqləndirir?
Araşdırmanın baş müəllifi Hidehiko Uçiyama nəticələrin ümidverici olduğunu bildirsə də, pişiklərin fərdləri konkret olaraq tanıya bildiyini demək üçün hələ tez olduğunu vurğulayıb.
"Bu tədqiqatda yalnız tanış və yad şəxslərin qoxuları istifadə olunub. Pişiklərin bir neçə tanış insana verdiyi reaksiyaları müqayisə edən əlavə davranış testlərinə ehtiyac var," – deyə o qeyd edib.
Pişiklər boruları iylədikdən sonra tez-tez üzlərini onlara sürtüblər. Alimlər bu davranışın pişiklərin öz qoxularını buraxmaq məqsədilə etdikləri işarələmə davranışı ilə bağlı ola biləcəyini düşünür. Bu isə qoxlamanın həmin davranışdan əvvəlki bir kəşf mərhələsi olduğunu göstərə bilər.
Tədqiqatda iştirak etməyən, lakin pişik davranışları üzrə araşdırmalar aparan İtaliyanın Bari Universitetindən Serenella d’İngeo pişiklərin tanış və yad qoxulara fərqli reaksiya verdiyini təsdiqləsə də, onların emosional vəziyyətinin bilinmədiyini vurğulayıb: "İyləyərkən rahat idilər, yoxsa gərgin? Bunu bilmirik," – deyə o bildirib.
Bundan əlavə, nümunələrin sahiblər tərəfindən təqdim olunmasının, ətrafda sahiblərin qoxusunun daha çox yayılmasına və bunun nəticəsində pişiklərin yad qoxulara daha çox maraq göstərməsinə səbəb ola biləcəyinə diqqət çəkib.
Tədqiqatçılar əldə olunan nəticələrin pişiklərin insanları tanımaq üçün qoxu hissindən istifadə etdiyini bildirir. Lakin pişiklərin sahiblərini xüsusi olaraq tanıyıb-tanımadığını dəqiqləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.