ABŞ-da it qəfəsində torpağa basdırılan 11 aylıq körpə sağ tapılıb
ABŞ-ın Cənubi Karolina ştatında atası tərəfindən qaçırılan 11 aylıq körpə torpağa basdırılmış it qəfəsinin içərisində sağ vəziyyətdə tapılıb.
AFN.az xəbər verir ki, Leksinqton dairəsinin şerifi Brayan Kun keçirdiyi mətbuat konfransında Koah Şarp adlı körpənin dəsmala bükülmüş it qəfəsinin içərisində aşkar edildiyini açıqlayıb.
Şerif Kun qəfəsi əhatə edən dəsmalın torpağın altında kifayət qədər hava boşluğu yaratdığını və bunun sayəsində körpənin təxminən 24 saat sağ qala bildiyinin ehtimal edildiyini bildirib.
Bazar ertəsi atası Maykl Komer tərəfindən qaçırıldığı bildirilən körpənin axtarışı üçün polis, FTB və federal qurumların əməkdaşlarının iştirakı ilə genişmiqyaslı əməliyyata başlanılıb.
Təxminən 100 nəfərdən ibarət axtarış qrupu çərşənbə axşamı şübhəlinin atasının evinin yaxınlığındakı meşəlik ərazidə təzə qazılmış sahə aşkar edib.
Ərazi qazılarkən qruplar körpənin ağlama səsini eşidərək dərhal xilasetmə işlərinə başlayıblar.
Xəstəxanaya çatdırılan körpənin müalicəsinin davam etdiyi və sağlamlıq vəziyyətinin yaxşılaşdığı bildirilib. Atası Maykl Komer isə bazar ertəsi axşamı başqa bir oğurluq ittihamı ilə saxlanılıb.
Şerif ofisi və dairə prokurorluğunun şübhəli barəsində yeni ittihamlar üzərində işlədiyi qeyd olunub.
