Tramp Kennedinin qətli ilə bağlı sənədləri açıqlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin (JFK) öldürülməsi ilə bağlı məxfi sənədləri ictimaiyyətə açıqlayacağını bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp bu gün paytaxt Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə toplaşan minlərlə tərəfdarı ilə Capital One Arena idman salonundakı tədbirdə görüşüb.
Tramp bildirib ki, vəzifəyə gəldikdən sonra görəcəyi işlərdən biri ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri ictimaiyyətə açıqlamaqdır.
Kennedi, qardaşı Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədləri ictimaiyyətə açıqlayacaqlarını bildirən Tramp, “İctimaiyyətin böyük marağına səbəb olan digər mövzularla bağlı sənədləri də açıqlayacağıq, hamısı nəşr olunacaq” deyib.
Əvvəlki açıqlamalarında 1963-cü ildə sui-qəsd nəticəsində öldürülən JFK ilə bağlı məlumatların artıq ictimaiyyətə tam şəkildə çatdırılması lazım olduğunu söyləyən Tramp, bugünkü çıxışında bu mövzuya toxunub və vəzifəyə başladıqdan sonra bu vədi yerinə yetirəcəyini bildirib.