ABŞ-da hakim incəsənət mərkəzinin adından "Tramp" ifadəsinin çıxarılmasına qərar verdi
ABŞ-da hakim Vaşinqtondakı "Tramp Con F. Kennedi Səhnə Sənətləri Mərkəzi"nin adından "Tramp" ifadəsinin çıxarılması barədə qərar qəbul edib.
AFN.az xəbər verir ki, "Vaşinqton Post" qəzetinin yaydığı məlumata görə, ABŞ dairə hakimi Kristofer Kuper qərarında mərkəzin adının Konqres tərəfindən qoyulduğunu və bunu yalnız Konqresin dəyişdirə biləcəyini diqqətə çatdırıb.
Kuper bu əsasla adından "Tramp" ifadəsi çıxarılan məkanın yenidən "Kennedi Mərkəzi" olaraq adlandırılmasına hökm edib.
Bundan əlavə, hökumətin daha əvvəl açıqladığı və təmir-bərpa işləri səbəbindən mərkəzin iyul ayından etibarən iki il müddətinə qapalı qalacağını nəzərdə tutan qərarının icrası da dayandırılıb.
ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında hakim Kuperin bu addımına kəskin tənqid edib.
Tramp özü vəzifəyə başlamazdan əvvəl mərkəzin ildə 100 milyon dollardan çox zərər etdiyini müdafiə edərək, hakim Kuper və radikal solun Prezident Trampın bu məkanı hər kəsin qürur duyacağı bir yerə çevirməsindənsə, onun fəaliyyətinin tamamilə dayanmasını üstün tutduqlarını iddia edib.
Binanın aşınması səbəbindən təmirə ciddi ehtiyac duyulduğuna dair hakim Kuperə təqdimat edildiyini bildirən Tramp, buna baxmayaraq belə bir qərar verildiyi üçün hakimin özündən utanmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Ağ Ev ötən ilin dekabr ayında Vaşinqtonun simvolik məkanlarından olan "Kennedi Mərkəzi"nin adının “Tramp-Kennedi Mərkəzi” olaraq dəyişdiriləcəyini açıqlamış, ardınca binanın üzərinə və rəsmi internet saytına Trampın adı əlavə edilmişdi.
Bu hadisədən sonra sənət aləmindən böyük etirazlar gəlmiş və sözügedən mərkəzdə 2006-cı ildən bəri çıxış edən musiqiçi Çak Redd Milad bayramı ərəfəsindəki konsertindən imtina etmişdi.
Digər tərəfdən, fevral ayında Tramp mərkəzin 4 iyulda bağlanacağını və iki il davam edəcək yenidənqurma işləri çərçivəsində eyni vaxtda yeni əyləncə kompleksinin tikintisinə də başlanılacağını bəyan etmişdi.
