Kennedi-Tramp Mərkəzi əvvəlki adına qayıdır


Vaşinqtondakı Con Kennedi və Donald Tramp adına İncəsənət Mərkəzinin rəhbərliyi federal dairə məhkəməsinin qərarına uyğun olaraq kompleksin əvvəlki adına qaytarılması barədə qərar qəbul edib.

AFN.az xəbər verir ki, mərkəzin hüquq şöbəsi bütün əməkdaşlara daxili təlimat göndərərək rəsmi sənədlərdə, blanklarda və imzalarda "Con Kennedi adına İncəsənət Mərkəzi" adının dərhal bərpa olunmasını tələb edib. Məhkəmənin mayın 29-da çıxardığı qərarın icrası üçün bütün texniki dəyişikliklər 12 iyun 2026-cı il tarixinədək tamamlanmalı, "Kennedi-Tramp Mərkəzi" ifadəsi tamamilə yığışdırılmalıdır.

Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti Roma Daravi məhkəmənin qərarına tabe olduqlarını, lakin kompleksin yenidən qurulması planlarını qorumaq və Prezident Trampın liderliyinə ehtiram nümayiş etdirmək üçün hüquqi imkanları araşdırmağa davam etdiklərini bildirib.

Xatırladaq ki, mərkəzin idarə heyəti 18 dekabr 2025-ci ildə kompleksin adını ABŞ-ın 35-ci, 45-ci və 47-ci prezidentlərinin şərəfinə dəyişdirmişdi. Lakin məhkəmə idarə heyətinin səlahiyyətlərini aşdığını və bu cür qərarların yalnız ABŞ Konqresinin iştirakı ilə qəbul edilə biləcəyini əsas gətirərək adın iki həftə ərzində əvvəlki vəziyyətinə qaytarılmasını öhdəlik qoyub.

Bundan əlavə, məhkəmə mərkəzin əsaslı təmir planlarını da müvəqqəti olaraq dondurub. Ağ Evin bu yenidənqurma üçün 257 milyon dollar ayırmasına və mərkəzin iyul ayında ikiillik təmirə bağlanması nəzərdə tutulmasına baxmayaraq, bir neçə tarihi və memarlıq cəmiyyəti məhkəməyə müraciət edib. İddiaçılar rəhbərliyin lazımi federal yoxlamalardan yayınaraq Konqresin razılığı olmadan hərəkət etdiyini bildirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu