Kruiz gəmisindən dənizə tullanan qadın 20 saat sonra sağ tapılıb
Yunanıstan Sahil Mühafizəsi “Royal Caribbean” şirkətinə məxsus sərnişin gəmisindən dənizə tullanan qadının xilasedici halqadan yapışaraq suda 20 saat qaldıqdan sonra xilas edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, 44 yaşlı qadının səlahiyyətli şəxslərə Zakintos adası yaxınlığında düşmək istədiyi üçün gəmidən tullandığını dediyi bildirilir.
Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmiləri El Salvador vətəndaşı olan qadının şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında hərəkət edən “Odyssey of the Seas” gəmisində səyahət etdiyini bildiriblər.
Axtarış əməliyyatına dəstək verən “MSC Rossella III” yük gəmisi qadını qaranlıq sularda parlaq narıncı xilasedici halqanın içində görüb.
Gəmi heyətinin səlahiyyətli şəxslərə məlumat verməsindən sonra hadisə yerinə gələn Yunanıstan Sahil Mühafizəsinin əməkdaşları kəndir ataraq qadını təhlükəsiz şəkildə qayığa çəkiblər.
Sahil Mühafizəsinin sözçüsü qadının gəmidən düşmək istədiyi üçün dənizə tullandığını söylədiyini və suda 20 saat qaldığını bildirib.
Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, xilas edilən qadın Katakolo limanına aparılıb. Prokurorun psixiatrik müayinə tələb etməsindən sonra qadın yerli xəstəxanaya köçürülüb.
Hadisə ötən il Puerto-Rikonun San-Xuan şəhərində bir kişinin təxminən 17 min dollarlıq qumar borcundan yayınmaq məqsədilə “Royal Caribbean” şirkətinə məxsus “Rhapsody of the Seas” gəmisindən dənizə tullanması hadisəsini xatırladıb.
Dənizə tullandıqdan sonra sağ qalan sərnişin Cey Qonzales-Diaz ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları tərəfindən saxlanılıb.


