Yaponiya Rusiyanın casusluq ittihamlarını rədd etdi
Yaponiya hökuməti Rusiyada çalışan yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirdiyi barədə iddiaları rədd edib.
AFN.az xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi oktyabrın 13-də Rusiyada saxlanılan Hokkaydo Şimbun qəzetinin müxbiri Yuki İmai ilə bağlı hadisəyə münasibət bildirib.
Jiji Press agentliyinin məlumatına görə, Takaiçi jurnalistlərə açıqlamasında müxbirin casusluq şübhəsi ilə saxlanılmasına etiraz edib. Baş nazir Yaponiyanın mövqeyini qarşı tərəfə çatdıracaqlarını bildirib və Tokionun Rusiyada casusluq fəaliyyəti ilə məşğul olduğu barədə iddiaları rədd edib.
Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara da mətbuat konfransında hökumətin saxlanılan jurnalistlə əlaqə yarada bilmədiyini deyib. O bildirib ki, jurnalistin səhhətini təsdiqləmək məqsədilə mümkün qədər tez konsulluq görüşünün təşkili üçün çalışacaqlar.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) oktyabrın 13-də Hokkaydo Şimbun qəzetinin Rusiyada çalışan müxbiri Yuki İmainin casusluq şübhəsi ilə saxlanıldığını açıqlamışdı.
