Yaponiya rus casuslarına qarşı daha sərt tədbirlər görəcək



Yaponiya hökuməti "New York Times" (NYT) qəzetində Yaponiyanın Rusiyanın casus bazasına çevrildiyinə dair iddiaların yer aldığı məqalədən sonra ölkədə xarici casusluq fəaliyyətlərinə qarşı daha sərt tədbirlərin görüləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Kihara Minoru verdiyi açıqlamada Rusiyanın Ukraynadakı müharibə üçün kəşfiyyat məlumatları toplamaq məqsədilə Yaponiyanın zəif casusluq qanunlarından yararlandığı iddialarına cavab verib.

Məqalənin məzmununu birbaşa şərh etməyən Kihara sözügedən xəbərlərdən məlumatlı olduğunu, lakin fərdi hallara aid olduğu üçün şərh verməkdən çəkindiyini bildirib.

Tokio hökumətinin bu məsələyə daha böyük diqqətlə yanaşmalı olduğunu vurğulayan Kihara sürətlə dəyişən təhlükəsizlik mühitində Yaponiyanın milli təhlükəsizliyini təhdid edən mühüm məlumatların ələ keçirilməsi kimi xarici kəşfiyyat fəaliyyətlərinə qarşı mübarizə zərurətinin artdığını etiraf edib.

O, Yaponiyanın əks-kəşfiyyat səylərini gücləndirməli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, "New York Times" qəzetinin məqaləsində Rusiyanın Yaponiyanın zəif casusluq qanunvericiliyindən faydalandığı və 2022-ci ildə Ukraynaya müdaxilədən sonra Qərb ölkələrindən qovulan çoxlu sayda casusun diplomat və iş adamı cildində Yaponiyaya sızdığı iddia olunub.

Yaponiyanın rus casus yuvasına və Rusiyanın mühüm silah komponentlərinin mənbəyinə çevrildiyi iddia edilən xəbərdə Moskva rəhbərliyinin Ukraynadakı müharibə üçün zəruri olan kəşfiyyat məlumatlarının toplanması və ikiqat təyinatlı texnologiyaların tədarükü üçün Yaponiyanı vacib mərkəz kimi istifadə etdiyi irəli sürülüb.

Rusiyaya məxsus raket və pilotsuz uçuş aparatlarının 90 faizinin Yaponiya mənşəli hissələrdən ibarət olduğu bildirilən məqalədə Yaponiyadakı casus əməliyyatlarının Rusiyanın "Aeroflot" aviaşirkətinin Tokio ofisində gizli tapşırıq icra edən əməkdaş tərəfindən idarə olunduğu iddia edilib.

Həmçinin Yaponiyanın Rusiyaya birbaşa ixracının məhdudlaşdırıldığı xatırladılaraq avadanlıqların tədarükünün saxta şirkətlər vasitəsilə Vyetnam, Özbəkistan və Şri-Lanka kimi üçüncü ölkələrdən keçməklə Rusiyaya daşındığı irəli sürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu