Yaponiya BMT Təhlükəsizlik Şurasında islahat çağırışı etdi



Yaponiya Baş naziri Sanae Takaiçi Birləşmiş Millətlər Təşkilatının beynəlxalq sülh və təhlükəsizlikdəki rolunun gücləndirilməsinin vacibliyini vurğulayaraq, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasına çağırıb.

AFN.az xəbər verir ki, Baş nazir Takaiçi ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.

Takaiçi beynəlxalq nizamın böyük qeyri-sabitlik dövrü yaşadığını, güc balansındakı dəyişikliklərin və artan geosiyasi rəqabətin dünyanın müxtəlif bölgələrində mülki itkilərə səbəb olduğunu bildirib.

O, Soyuq müharibədən sonrakı sabit dövr anlayışının artıq keçmişdə qaldığını qeyd edib. Takaiçi yüksək yaşayış xərcləri, inkişaf hədəflərindəki yavaşlama və insan hüquqları ilə bağlı problemlərin beynəlxalq ictimaiyyət qarşısında ciddi çətinliklər yaratdığını deyib.

Takaiçi BMT-nin yaradılmasından onilliklər keçməsinə baxmayaraq, təşkilatın sülh və sabitliyin təmin edilməsindəki rolunun sual altında olduğunu bildirib. Bununla belə, o, beynəlxalq ictimaiyyətin yeni problemlərin öhdəsindən gəlməsi və rifaha nail olması baxımından BMT-nin əhəmiyyətini vurğulayıb.

Yaxın Şərqdə gərginliyin getdikcə artdığına diqqət çəkən Takaichi Hürmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyin təhdid altında olduğunu bildirib.

Takaiçi Yaponiyanın regionda gərginliyin azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə diplomatik səylərini davam etdirəcəyini qeyd edib.

Yaponiya baş naziri ölkəsinin nüvə silahsızlanması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb. O, nüvə silahlarından azad dünya hədəfinin Yaponiyanın əsas məqsədlərindən biri olduğunu bildirib.

Rusiya-Ukrayna müharibəsini BMT Nizamnaməsində əks olunan prinsiplərin pozulmasına nümunə göstərən Takaiçi Təhlükəsizlik Şurasının mövcud strukturunda problemlərin olduğunu deyib.

Takaiçi mövcud vəziyyətdə Təhlükəsizlik Şurasının beynəlxalq sülh naminə effektiv fəaliyyət göstərmədiyini bildirib.

O, BMT islahatının zəruri olduğunu vurğulayaraq, Şuranın legitimliyinin və təmsilçiliyinin təmin edilməsi üçün həm daimi, həm də qeyri-daimi üzvlərin sayının artırılmasının vacib olduğunu qeyd edib. Yaponiya hökumətinin rəsmi açıqlamasında da Takaiçinin Təhlükəsizlik Şurasının hər iki üzvlük kateqoriyasının genişləndirilməsini zəruri hesab etdiyi təsdiqlənir.

Takaiçi həmçinin Yaponiyanın 2050-ci ilədək xalis sıfır emissiya hədəfinə çatmaq üçün yaşıl transformasiya tədbirlərini inkişaf etdirdiyini bildirib.

Süni intellekt sahəsindəki inkişafların bəşəriyyət üçün mühüm imkanlar yaratdığını, lakin milli təhlükəsizlik də daxil olmaqla müxtəlif risklər daşıdığını deyən Takaiçi reallığa əsaslanmayan məlumatların və təbliğatın yayılmasına qarşı tədbirlər görülməsinin vacibliyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu