BMT: Körfəz Əməkdaşlıq Şurası ilə tərəfdaşlıq mütləqdir



Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean regionu üzrə müavini Məhəmməd Xalid Khiari bölgədə gərginliyin pik həddə çatdığı hazırkı şəraitdə regional təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

AFN.az xəbər verir ki, Khiari BMT Təhlükəsizlik Şurasının Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə tərəfdaşlıq mövzusuna həsr olunmuş iclasında çıxış edərkən Yaxın Şərqin təhlükəli bir uçurumun astanasında olduğunu bildirib.

Onun sözlərinə görə, artan hərbi qarşıdurmalar beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. Xüsusilə enerji infrastrukturuna və mülki ərazilərə edilən hücumların narahatlıq doğurduğunu qeyd edən BMT rəsmisi, bu vəziyyətin qlobal iqtisadiyyata, eləcə də dünya əhalisinin ən həssas təbəqələrinə dağıdıcı təsir göstərdiyini diqqətə çatdırıb.

Körfəz bölgəsindəki dəniz yollarında yaşanan fasilələrin daha genişmiqyaslı münaqişə riskini artırdığını deyən Khiari, tərəfləri beynəlxalq dənizçilik hüququna və naviqasiya azadlığına hörmət etməyə çağırıb. O, ABŞ və İsrailin İrana hücumlarının beynəlxalq gündəmi zəbt etdiyi bir vaxtda Qəzza, İordan çayının qərb sahili, Livan, Suriya və Yəməndəki böhranların da unudulmaması gərəkdiyini vurğulayıb. BMT-nin KƏŞ ilə əlaqələri dərinləşdirməkdə qərarlı olduğunu ifadə edən Baş katibin müavini, bu işbirliyinin regional sabitliyin qorunması üçün hər zamankından daha əhəmiyyətli olduğunu qeyd edib.

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi isə öz çıxışında İranın qonşu dövlətlərə qarşı hərbi addımlarını kəskin pisləyib və bölgədə hava və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunmasının vacibliyini önə çəkib. Budeyvi KƏŞ ölkələrinin müharibə tərəfdarı olmadığını, əksinə, gərginliyin azaldılması və problemlərin diplomatik yollarla həlli üçün çalışdıqlarını bildirib. Hörmüz boğazının bağlanması ehtimalının qlobal enerji bazarı üçün yaratdığı təhlükələrə toxunan Baş katib, ərəb körfəzinin xaos deyil, sabitlik zonası olaraq qalmalı olduğunu xüsusi vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu