BMT Cenin hadisələri ilə bağlı təmkinli olmaqda qərarlıdır


Birləşmiş Millətlər Təşkilatı İsrailin İordan çayının qərb sahilində Ceninə hücumları ilə bağlı mövqe bildirməkdə təmkinli olmağa çağırıb.


Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında İsrailin Ceninə basqını ilə bağlı sualları cavablandırıb.

BMT-nin pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumları ilə bağlı mövqeyi haqda suala isə Haq, "Əhalinin sıx olduğu bölgələrdə silahlı hücumların həyata keçirilməsi qəbuledilməzdir. Bunu dəfələrlə dilə gətirmişik" - deyə cavab verib.

"Biz bütün yaşayış məntəqələrinə hücumların dayandırılmasını istəyirik" - deyə Haq qeyd edib.

Bütün tərəflərin beynəlxalq humanitar hüquqa hörmət etməsi lazım olduğunu qeyd edən sözçü bildirib ki, İsrailin təhlükəsizlik əməliyyatları həyata keçirmə haqqı var, lakin bunu mülki insan itkisinə səbəb olmadan və mülki infrastrukturlara zərər vermədən etməlidir.

"Fələstin xalqının özünü qorumağa haqqı varmı?" sualına isə Haq, "Bütün xalqların özlərini qorumaq hüququ var. Biz sadəcə olaraq, gərginliyin yerlərdə azaldılmasını istəyirik" - cavabını verib.

BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland da hücumla bağlı verdiyi yazılı açıqlamada artan gərginliyin çox təhlükəli olduğuna diqqət çəkib. 8 fələstinlinin həyatını itirdiyini ifadə edən Vennesland, "İsrailin hərbi əməliyyatı aylardır artan gərginlikdən sonra gəlir və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətin nə qədər dəyişkən və gözlənilməz olduğunu bir daha xatırladır. Hər kəsin mülki əhalini qorumaq öhdəliyi var" - deyə əlavə edib.

Bütün tərəflərlə təmasda olduğunu qeyd edən Vennesland, gərginliyin dərhal azaldılması və Ceninə humanitar yardımların edilməsinin vacibliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu