İsrailin xarici işlər naziri Koen mülki insanları hədəf almadıqlarını deyib
İsrailin xarici işlər naziri Eli Koen ölkəsinin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və heç vaxt insanları hədəf almadığını deyib.
İsrailin bölgəyə humanitar yardım, su, qida və dərman yardımı etdiyini qeyd edən Koen bildirib ki, kişilər, qadınlar və uşaqlar hədəf alınmır. “Biz yalnız Həmas terrorçularını hədəf alırıq” - deyə o bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin BMT Təhlükəsizlik Şurasında verdiyi açıqlamalara görə onunla görüşünü ləğv etdiyini bildirən Koen “Quterreş BMT-nin ən mühüm ölkələri olan ABŞ, İngiltərə, Almaniya və Fransanı təmsil etmir" - deyə vurğulayıb.
Quterreşin açıqlamalarını terrora dəstək olaraq qiymətləndirən İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan qurumun İsraildəki səlahiyyətlilərinin tərəfsiz davranmadığını iddia edib.
BMT-nin Baş katibi Quterreş BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli İsrail-Fələstin sessiyasındakı çıxışında HƏMAS-ın 7 oktyabrda İsraildə həyata keçirdiyi hücumlarını pisləməklə yanaşı deyib: "Ancaq biz onu da bilməliyik ki, HƏMAS hücumları təsadüfən baş vermir. Fələstin xalqı 56 ildir ki, boğucu işğala məruz qalıb. Torpaqlarının mərhələ-mərhələ yaşayış məntəqələri və zorakılıqlarla zəbt edilməsinin şahidi olurlar".
Quterreş, HƏMAS-ın israillilərə qarşı hücumlarının Fələstin xalqının kollektiv cəzalandırılmasına haqq qazandıra bilməyəcəyini vurğulayıb.