Rusiya ABŞ-yə dizel yanacağı tədarükünə 2-3 həftə ərzində başlaya bilər



Rusiya neft şirkətləri ABŞ-yə dizel yanacağı tədarük etməyə hazırdır və ilk göndərişlər müqavilələr imzalandıqdan sonra ən tez 2-3 həftə ərzində həyata keçirilə bilər. 

AFN.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Novak Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında Rusiyadan ABŞ-yə dizel yanacağının göndərilməsi məsələsini şərh edib.

Onun sözlərinə görə, tədarükün həyata keçirilməsi üçün müqavilə imzalanmalı, yanacaq yüklənməli, gəmi icarəyə götürülməli və məhsul istehlakçıya göndərilməlidir. Novak bütün bu proseslərin 2-3 həftə çəkdiyini vurğulayaraq, razılaşmaların daha tez imzalanmasının vacibliyini qeyd edib.

Rusiya neft şirkətlərinin tədarükə hazır olduğunu bildirən Novak hazırda kommersiya şərtləri ilə bağlı danışıqların aparıldığını deyib.

Baş nazirin müavini Rusiya dizel yanacağına ABŞ-dən başqa ölkələrin də maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Rusiya dizeli dünya üzrə tələb görür və digər istehlakçılar da bu məhsulla maraqlanırlar.

ABŞ-yə satılacaq dizelin qiymətinin bazar şərtlərinə uyğun, yoxsa endirimlə müəyyənləşdiriləcəyi barədə suala cavab verən Novak bunun kommersiya danışıqlarının mövzusu olduğunu qeyd edib.

Novak ABŞ-nin Rusiya motorinini idxal etmək üçün verdiyi lisenziyanın 2027-ci ilin aprelindən sonrakı dövr üçün uzadılması məsələsi ilə bağlı hələlik danışıqların aparılmadığını da bildirib. O, lisenziyanın uzadılmasını müzakirə etmək üçün hələ tez olduğunu və vəziyyətin necə inkişaf edəcəyini gözləmək lazım gəldiyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu