Böyük Britaniya rusiyalı iş adamının qolf klubu almasına icazə vermədi



Böyük Britaniya hökuməti rusiyalı neft maqnatı Yuri Şamaranın ölkənin şimalında, Leyk-Distrikt bölgəsində yerləşən "Grange-over-Sands" qolf klubunu satın almasına imkan verməyib.

AFN.az "Financial Times"a istinadən xəbər verir ki, rəsmi London 1,1 milyon dollarlıq (təxminən 800 min funt-sterlinq) bu sövdələşmədə milli təhlükəsizliyə ciddi təhdid görüb. Məlumata görə, sövdələşmə hökumətin müdaxiləsindən sonra cari həftə ərzində tamamilə ləğv edilib.

Buna səbəb qolf klubunun yerləşdiyi ərazinin strateji əhəmiyyətli hərbi və nüvə obyektlərinə yaxınlığıdır. Belə ki, klub atom sualtı qayıqlarının istehsal edildiyi "BAE Systems" tərsanəsinə və Avropanın ən böyük nüvə tullantıları anbarı olan "Sellafield" kompleksinə xidmət edən yeganə dəmir yolu xəttinin birbaşa kənarında yerləşir. Britaniya Müdafiə Nazirliyi strateji infrastrukturun dərhal yaxınlığında Rusiya kapitallı mülkiyyətin yaranmasından narahatlığını ifadə edib.

Yuri Şamaranın sərvətinin Rusiya ordusunu yanacaqla təmin edən "İlski" neft emalı zavodu ilə bağlı olduğu bildirilir. İş adamının vəkili isə iddiaları rədd edərək, müştərisinin sadəcə bir qolf həvəskarı olduğunu və maliyyə çətinliyi çəkən klubu xilas etmək istədiyini iddia edib. Şamaranın qızı Anastasiya Şamara da mətbuata açıqlamasında sövdələşmənin artıq qüvvədən düşdüyünü təsdiqləyib.

Britaniya Nazirlər Kabineti bu addımı 2021-ci ildə qəbul edilmiş "Milli Təhlükəsizlik və İnvestisiyalar haqqında" qanun çərçivəsində atıb. Qeyd edək ki, London son vaxtlar strateji obyektlərin yaxınlığındakı torpaq sahələrinin xarici ölkə vətəndaşları tərəfindən alınmasına nəzarəti kəskinləşdirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu