Aİ-dən Google-a süni intellekt və YouTube ilə bağlı rəqabət araşdırması
Avropa İttifaqı (Aİ) Komissiyası Google-ın onlayn məzmunları süni intellektin təlimi üçün istifadə etməsi ilə bağlı rəqabətə zidd davranış iddiaları əsasında araşdırma başladıb.
Aİ Komissiyası Google haqqında mümkün rəqabət hüququ pozuntuları ilə bağlı ilkin araşdırmaya start verildiyini açıqlayıb.
Açıqlamada bildirilir ki, Google-ın yayımlayıcıların onlayn məzmunlarını onlara uyğun kompensasiya ödəmədən və məzmunlarının istifadəsini rədd etmək imkanı təqdim etmədən istifadə etməsi ilə bağlı narahatlıq var. Google-ın süni intellekt sisteminin üçüncü tərəflərə məxsus onlayn məzmunlarla qanunsuz şəkildə təchiz edildiyi iddiası araşdırılacaq.
Aİ Komissiyasının vitse-prezidenti Tereza Ribera açıqlamada qeyd edib ki, süni intellekt Avropadakı insanlar və müəssisələr üçün böyük yeniliklər və çoxsaylı faydalar yaradır: "Lakin bu inkişaf cəmiyyətlərimizin əsasını təşkil edən prinsiplərdən güzəşt hesabına baş verə bilməz. Bu səbəbdən Google-ın yayımlayıcılara və məzmun yaradıcılarına ədalətsiz şərtlər tətbiq edib-etmədiyini, həmçinin rəqib süni intellekt modeli hazırlayan şirkətləri əlverişsiz vəziyyətə salaraq Aİ rəqabət qaydalarını pozub-pozmadığını araşdırırıq".
Bununla yanaşı məzmun istehsalçıları məhsuldar süni intellekt modellərinin təlimi də daxil olmaqla müxtəlif məqsədlər üçün öz məzmunlarının istifadəsinə Google-a icazə verməyə məcbur olur. Lakin buna görə heç bir ödəniş almırlar.
Eyni zamanda YouTube, Google-ın rəqiblərinin platformadakı məzmunlardan öz süni intellekt sistemlərini təlim etmək üçün istifadə etməsini qadağan edir. Bu vəziyyətin Google-a öz süni intellekt modellərini inkişaf etdirməkdə potensial üstünlük verdiyi iddia olunur.
Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar Aİ-nin sərt texnologiya qaydalarına əməl etməlidirlər.
Google haqqında aparılan bu araşdırmanın nə qədər davam edəcəyi hələ məlum deyil. Şirkət həmçinin media qurumlarına və yayımlayıcılara qarşı ayrı-seçkilik kimi ehtimal edilən digər rəqabət pozuntuları səbəbilə də müxtəlif iddialarla üzləşir.
Qeyd edək ki, Aİ qaydalarını pozan rəqəmsal platformalara yüksək məbləğdə cərimələr tətbiq olunur.


