Əraqçi: İran Qətəri deyil, ölkədəki ABŞ-ı hədəf alır



İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Qətəri deyil, məhz həmin dövlətin ərazisindəki ABŞ hədəflərinə hücum etdiyini bildirib.

AFN.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Əraqçi qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Al Sani ilə keçirdiyi telefon danışığı zamanı raket zərbələrinin Qətərə qarşı deyil, ABŞ-ın maraqlarına yönəldiyini qeyd edib.

Lakin Qətərin Baş naziri və xarici işlər naziri Al Sani bu iddiaları qətiyyətlə rədd edərək, real mənzərənin tamamilə fərqli olduğunu vurğulayıb. Al Sani bildirib ki, hücumlar Qətərin mülki yaşayış sahələrini, Həməd Beynəlxalq Hava Limanının ətrafını, mühüm infrastruktur obyektlərini və mayeləşdirilmiş qaz istehsalı zavodlarının yerləşdiyi sənaye zonalarını hədəf alıb.

Qətər rəsmisi bu hərəkətlərin ölkənin suverenliyinin və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması olduğunu diqqətə çatdırıb. Hücumların təkcə raketlərlə məhdudlaşmadığını və pilotsuz uçuş aparatları ilə davam etdiyini qeyd edən Al Sani, İranın gərginliyi azaltmaq niyyətində olmadığını, əksinə, qonşularını özünə aid olmayan bir müharibəyə sürükləməyə çalışdığını ifadə edib.

Regionun münaqişədən kənar duran ölkələrinə qarşı hücumların dərhal dayandırılması üçün çağırış edən Qətər tərəfi hər zaman dialoq tərəfdarı olsa da, öz milli maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün hər cür təcavüzə qarşı çıxacağını bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu