Qətər əmiri və Blinken Qəzzada atəşkəslə bağlı vasitəçilik səylərini müzakirə ediblər
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və ABŞ dövlət katibi Blinken Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsə nail olmaq üçün vasitəçilik səylərindəki inkişafı müzakirə ediblər.
Qətər xəbər agentliyi QNA-da yer alan xəbərə görə, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və ABŞ dövlət katibi Entoni Blinken Dohada görüşüb.
Görüş zamanı Qətər əmiri və Blinken müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını, həmçinin Qəzza zolağı və işğal olunmuş Fələstin ərazilərində baş verənləri müzakirə ediblər.
Tərəflər həmçinin Qəzzada dərhal atəşkəs və bölgəyə humanitar yardım axınını təmin etmək üçün vasitəçilik səylərinin davam etdirilməsini müzakirə ediblər.
Blinken Qətərin paytaxtı Dohada Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə birgə mətbuat konfransı keçirib.
ABŞ dövlət katibi Entoni Blinken çıxışında HƏMAS-ın ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs razılaşması və məhbus mübadiləsi ilə bağlı elan etdiyi təklifə dəyişikliklər təklif etdiyini və bunların bəzilərinin həyata keçirilə biləcəyini, bəzilərinin isə mümkün olmadığını bildirib.