Qida qoruyucuları xərçəng və diabet riskini artırır
Fransada aparılan iki yeni geniş tədqiqat göstərib ki, qidaların ömrünü uzatmaq üçün istifadə olunan qoruyucu maddələr xərçəng və 2-ci tip diabet riskini artırır.
NutriNet-Santé araşdırması çərçivəsində 170 mindən çox iştirakçının məlumatlarını təhlil edən mütəxəssislər bu maddələrin xüsusilə prostat və döş xərçəngi üzərində təsirinə diqqət çəkirlər.
Tədqiqat qrupunun rəhbəri Mathilde Tuvier bu nəticələrin dünya üzrə geniş istifadə olunan qatqı maddələri üçün ciddi xəbərdarlıq olduğunu bildirib.
Xərçəng riskini artıran qatqı maddələri
The BMJ jurnalında yayımlanan xərçəng araşdırması 14 il ərzində izlənən 105 min iştirakçının məlumatlarına əsaslanır. Nəticələr göstərib ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təhlükəsiz hesab edilən altı qoruyucu maddə xərçənglə əlaqəlidir:
- Natrium nitrit: Emal edilmiş ətlərdə (basdırma, kolbasa, sosiska) olan bu maddə prostat xərçəngi riskini 32% artırır.
- Kalium nitrat: Döş xərçəngi riskini 22%, ümumi xərçəng riskini isə 13% yüksəldir.
- Sorbatlar (Kalium sorbat): Şərab, pendir və souslarda istifadə olunan bu maddələr döş xərçəngi riskini 26% artırır.
- Asetatlar və sirkə turşusu: Sirkin əsas maddəsi olan sirkə turşusu və fermentləşdirilmiş qidalarda olan asetatlar ümumi xərçəng riskini 12–15% artırır.
2-ci tip diabet və metabolik təsirlər
Nature Communications jurnalında yayımlanan ikinci araşdırma qoruyucu maddələrin 2-ci tip diabet üzərindəki təsirlərini öyrənib. Araşdırmaya görə, ən yüksək səviyyədə qoruyucu maddə qəbul edən şəxslərdə diabet riski ən az qəbul edənlərə nisbətən təxminən 50% yüksək olub.
Xərçənglə əlaqələndirilən kalium sorbat, natrium nitrit və sirkə turşusu kimi maddələrin yanında kalsium propionatın da diabet riskini artırdığı müəyyən edilib. Həmçinin, C və E vitaminləri kimi antioksidanların təbii qidalardan deyil, qatqı maddəsi olaraq izolyasiya edilmiş şəkildə istehlak edilməsinin metabolik proseslərə zərər verə biləcəyi hipotezi müzakirə olunub.
Mütəxəssislərdən təzə qida tövsiyəsi
Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr müşahidələrə əsaslanır və səbəb-nəticə əlaqəsini tam müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var. Lakin əldə olunan məlumatlar ultra emal olunmuş qidalardan uzaq durmaq və təzə, tam qidalara üstünlük vermək barədə ictimai sağlamlıq tövsiyələrini dəstəkləyir.
Mütəxəssislər həmçinin bildirirlər ki, istehlakçıların qorunması üçün qida sənayesində istifadə olunan qatqı maddələrinə dair qaydaların yenidən gözdən keçirilməsi vacibdir.


