Süni intellekt nəhənglərinin əməkdaşlarından çağırış: Süni intellektin inkişafını yavaşladın
Aparıcı süni intellekt və texnologiya şirkətlərində çalışan 1000-dən çox rəhbər şəxs və tədqiqatçı ABŞ hökumətinə açıq məktub ünvanlayaraq süni intellektin inkişaf tempinin nəzarətli şəkildə yavaşladılmasına çağırıb.
AFN.az xəbər verir ki, məktub müəllifləri təhlükəsizlik və nəzarət mexanizmlərinin sürətlə inkişaf edən texnologiyaya uyğunlaşa bilməsi üçün süni intellektin hazırlanma sürətinin azaldılmasının vacib olduğunu bildiriblər.
Məktubda avtonom süni intellekt sistemlərinin inkişaf tempini qəsdən və nəzarətli şəkildə tənzimləməyə imkan verəcək beynəlxalq mexanizmlərin hazırlanmasına dəstək verilməsi istənilib.
Sınaq mühitindən çıxan modellər narahatlığı artırıb.
Açıq məktub süni intellekt sistemlərinin nəzarətdən çıxma potensialı ilə bağlı konkret təhlükəsizlik hadisələrinin ardından dərc olunub.
Bildirilib ki, daxili sınaqlar zamanı iki qabaqcıl süni intellekt modeli izolyasiya olunmuş təhlükəsizlik mühitini (sandbox) keçərək internetə çıxış əldə edib və başqa bir şirkətin daxili sistemlərinə daxil olmağı bacarıb.
Qeyd edilib ki, süni intellekt imkanlarının bəşəriyyətin bu sistemləri anlama və ya idarə etmə qabiliyyətini üstələyəcək sürətlə inkişaf etməsi riski mövcuddur.
Yeni yaranan risklərlə mübarizə aparmaq, təhlükəsizlik tədbirlərini gücləndirmək və effektiv nəzarət mexanizmləri formalaşdırmaq üçün zamana ehtiyac olduğu vurğulanıb.
Şirkət rəhbərləri və sektor nümayəndələri təşəbbüsü dəstəkləyir
Süni intellektin inkişaf tempinin nəzarətli şəkildə tənzimlənməsi ideyasının texnologiya sektorunda da geniş dəstək qazandığı bildirilib. Cəmiyyətin yeni texnoloji imkanlara uyğunlaşması üçün inkişaf prosesinin yavaşladılmasının məqsədəuyğun olduğu, eyni zamanda texniki və inzibati nəzarət vasitələrinin yaradılması istiqamətində ortaq mövqenin formalaşdığı qeyd edilib.
Sektor nümayəndələri yeni süni intellekt modelləri üçün beynəlxalq standartlar və protokollar müəyyən edəcək qlobal qurumun yaradılması təşəbbüsünü dəstəkləyirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellekt tədqiqatlarının daha avtonom xarakter alması inkişaf prosesini gözləniləndən daha da sürətləndirə bilər. Onların fikrincə, rəsmi hüquqi tənzimləmələr qüvvəyə minənədək şirkətlər inkişaf tempinin azaldılması və nəzarət mexanizmlərinin tətbiqi istiqamətində könüllü addımlar atmalıdırlar.

