Nyu-York ştatında çikunqunya qızdırmasına ilk yoluxma halı aşkarlanıb


ABŞ-ın Nyu-York ştatında yerli çikunqunya qızdırmasına ilk yoluxma halı aşkarlanıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə departamentindən məlumat verilib. “Bir çikunqunya infeksiyası halı qeydə alınıb”, - deyə idarənin açıqlamasında qeyd edilir.

"The New York Times" qəzeti Nyu-Yorkun Hempstead şəhərindən olan 60 yaşlı qadının sentyabr ayında virusa yoluxduğunu bildirib. Qəzetə verdiyi müsahibədə adının çəkilməsini istəməyən qadın son vaxtlar səyahət etmədiyini qeyd edib.

Qəzet bildirir ki, ekspertlər qadının necə yoluxmuş ola biləcəyini araşdırırlar. Araşdırmalar əsasən ağcaqanadın ABŞ-a təyyarədən və ya turistin baqajında daxil olması istiqamətindədir. Səhiyyə departamenti hesab edir ki, ağcaqanad xaricdə çikunqunyaya yoluxmuş Nyu York sakini tərəfindən dişlənərək yoluxmuş və qızdırmanı ötürmüş ola bilər.

Bu il Ümumdünya Səhiyyə Təşkilatı bir neçə ölkədə, o cümlədən son illərdə yoluxma halları az olan ölkələrdə yeni çikunqunya dalğası qeydə alıb. “Davam edən epidemiyaları nəzərə alaraq, virusun daha da yayılması potensialı əhəmiyyətli olaraq qalır”, - deyə təşkilat vurğulayıb.

Çikunqunya qızdırması insanlara qansoran həşəratların dişləməsi ilə keçən viral infeksiyadır. Xəstəlik əsasən iki növ ağcaqanad tərəfindən ötürülür: Aedes aegyptiAedes albopictus. Onlar danq qızdırması da daxil olmaqla digər virusları da ötürə bilirlər.

Çikunqunyanın təbii yayılma sahələrinə Afrika, Hindistan, Cənub-Şərqi Asiya və Hind okeanı adalarının tropikləri, həmçinin Meksika və Qvatemala daxildir, burada mövsümi epidemiyalar hər il qeydə alınır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu