Süni intellekt hər söhbət etdiyinizdə bir şüşə su içir


Yeni araşdırma göstərir ki, süni intellekt sistemləri hər qısa söhbət və ya elektron poçt yaradarkən heyrətamiz dərəcədə su sərf edir.

Analizlərə görə, GPT-3 əsaslı ChatGPT ilə aparılan qısa bir söhbət və ya 100 sözlü bir e-poçt layihəsi təxminən 500 millilitr, yəni bir şüşə suya bərabər sərfiyyat yaradır.

Bu hesablamaya həm məlumat mərkəzlərində istifadə olunan soyutma sistemlərindəki su, həm də elektrik istehsal edən enerji stansiyalarında sərf olunan su daxil edilib.

Yeni proqnozlar model və infrastrukturdan asılı olaraq böyük fərqliliklər göstərir. Müstəqil araşdırmalara görə, orta uzunluqdakı bir GPT-5 cavabı təxminən 39 millilitr, GPT-4o cavabı isə təxminən 3,5 millilitr su sərf edir. Google-un Gemini sistemində isə bu rəqəm yalnız 0,26 millilitrə qədər düşə bilir.

Məlumat mərkəzləri yüksək istilik yaradan prosessorları soyutmaq üçün adətən buxarlanma sistemi istifadə edirlər.

Bu üsul suyun sürətlə buxarlanmasını təmin edərək istiliyi aradan qaldırır, lakin yerli mənbələrdən alınan su sərf olunur.

Alternativ üsullar arasında maye içində soyutma və qapalı dövrə xüsusi maye sistemləri olsa da, maliyyə və texniki çətinlik səbəbindən hələ geniş yayılmayıb.

Enerji mənbəyi də su sərfinə təsir edir. Külək və günəş panelləri demək olar ki, su sərf etmir, lakin kömür, təbii qaz və nüvə stansiyaları böyük miqdarda suya ehtiyac duyur.

OpenAI bildirir ki, sistemlərinə gündə təxminən 2,5 milyard sorğu göndərilir. Hesablama göstərir ki, bu, GPT-5 üçün gündə 97,5 milyon litr, GPT-4o üçün isə 8,8 milyon litr su sərfiyyatına bərabərdir. Google Gemini-də isə bu göstərici 650 min litr səviyyəsində qalır.

Müqayisə üçün qeyd edək ki, yalnız ABŞ-da çəmənlik və bağların suvarılması gündə 34 milyard litr su sərf edir.

Mütəxəssislər vurğulayırlar ki, süni intellektin su sərfi digər sahələrlə müqayisədə hələ məhduddur, lakin sürətlə artma potensialı var.

Şirkətlərin məlumatlarını paylaşması, səmərəliliyi artırması və məlumat mərkəzlərinin daha sərin və rütubətli ərazilərdə yerləşdirilməsi ilə sərfiyyat ciddi dərəcədə azaldıla bilər.

Araşdırmaçılara görə, süni intellektin gələcəyi yalnız innovasiya ilə deyil, həm də dayanıqlı qərarlarla müəyyən ediləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu